media-inshot_20251212_152602601

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Kiyev hökuməti ölkə daxilində seçkilərin keçirilməsinə cəhd göstərir. Üstəlik, Ukraynada seçkilərin vaxtının gəlib çatdığını da ABŞ Prezidenti Donald Tramp deyir. Ukrayna Prezidenti Volodimir Zelenski isə ölkədə atəşkəsin əldə olunmasından sonra seçkilərin aparılmasının vacibliyini vurğulayaraq, Rusiyanı isə bu məqamda atəşkəsə yalnız Trampın razı sala biləcəyi fikrini irəli sürüb. Maraqlıdır ki, əhalisinin 5 milyondan çoxunun qaçqın düşdüyü Ukraynada prezident seçkiləri necə keçirilə bilər? Əgər seçkilər baş tutsa, ondan əvvəl Rusiya atəşkəsə razılıq verə bilərmi?

Bu barədə Patrul.az-a politoloq Tural İsmayılov öz fikrini bölüşüb. Onun sözlərinə görə, Zelenskinin seçkilərə görə qarşı tərəfdən atəşkəs istəyi, əslində ölkəsindəki çətin vəziyyəti üstüörtülü şəkildə dilə gətirməsidir:

“Zelenskinin bu bəyanatı əslində masadakı reallığı açıq şəkildə göstərir: Ukrayna öz siyasi gələcəyini müəyyənləşdirmək üçün artıq təkbaşına kifayət edən vəziyyətdə deyil. O, atəşkəsin seçkilər üçün zəruri olduğunu deyərək həm daxili legitimlik problemini, həm də müharibənin davamının siyasi sistemi kilidlədiyini etiraf edir. Tramp faktoru isə burada təsadüfi çəkilmir, Zelenski artıq ABŞ-də hakimiyyət dəyişikliyinin mümkün təsirlərini öncədən hesablayır. Onun “yalnız Tramp Putini razı sala bilər” deməsi həm Moskvanın psixoloji koduna, həm də Trampın özünəməxsus diplomatiyasına işarədir. Bu bəyanat Vaşinqtonun mövcud administrasiyasına da yumşaq təzyiqdir: “Bizim gələcək taleyimiz sizdən asılıdır”. Moskva isə bunu öz lehinə informasiya kapitalına çevirməyə çalışacaq, çünki Zelenskinin bu cür çıxışı Ukraynanın zəiflədiyi görüntüsünü yaradır. ABŞ–Ukrayna–Rusiya üçbucağında balans məhz bu fonun üzərində yenidən formalaşır: tərəflər artıq hərbi nəticələrdən çox siyasi nizamlamanın mümkün formullarını düşünür”.

media-inshot_20251212_151925671

T.İsmayılov seçkilərdən əvvəl ehtimal edilən atəşkəslə bağlı məsələyə də toxunaraq bildirib ki, yaxın aylarda həm atəşkəs, həm də seçki məsələsində prosesin taleyini müəyyənləşdirəcək əsas amil ABŞ-nin siyasi mövqeyi olacaq:

“Texniki baxımdan mümkündür, amma tam siyasi iradə hələ görünmür. Rusiya maksimum taktiki üstünlüyü əldə etmədən pauza vermək istəmir. Zelenski isə seçkilərsiz legitimlik riskini daha çox dəyərləndirir. Trampın geri dönüş ehtimalı artdıqca Moskva “gözləmə rejimi”nə keçə bilər. Bu da qısa müddətli, lokal xarakterli atəşkəs pəncərəsi yarada bilər. Amma bu pəncərənin davamlı olacağı sual altındadır. Hazırkı mərhələdə atəşkəs ancaq siyasi ehtiyacların məcburi kompromisi kimi mümkündür, strateji razılaşma kimi yox”.

Qeyd edək ki, Ukrayna qanunvericiliyinə görə, müharibə şəraitində olan ölkədə seçkilərin keçirilməsi qadağandır.


Bənzər xəbərlər