Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin qardaşı oğlu İlham Qədimbəyli ilə bağlı yeni İDDİA! - VİDEO
Patrul.az olaraq bir müddət əvvəl Elnur Əhmədovun iddiaları əsasında yayımladığımız məlumatda bildirilirdi ki, Türkiyə Cümhuriyyəti vətəndaşı Mustafa Ümran ona məxsus 134.000 ABŞ dollarını “iş görmək” adı ilə ələ keçirərək ölkədən uzaqlaşıb. Əhmədovun digər iddiasına görə isə Xamis Qubadov, Rövşən Hüseynov, eləcə də Sədərək ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin qardaşı oğlanları İlham və İlkin Qədimbəyli həmin vəsaiti müxtəlif üsullarla Mustafa Ümrandan alıb, lakin ona geri qaytarmayıblar.
Ardınca Mustafa Ümran “TikTok” platformasında paylaşdığı videoda Xamis Qubadov, Rövşən Hüseynov, İlham və İlkin Qədimbəyliyə pul ödəmədiyini, ancaq Elnur Əhmədova borclu olduğunu açıqlamışdı.
Bu gün isə Patrul.az redaksiyasına müraciət edən Mustafa Ümranın qohumu məsələyə tamamilə fərqli rakursdan yanaşaraq yeni iddialar irəli sürüb. Qohumun verdiyi məlumata görə, hadisələrin real mahiyyətini əks etdirən ciddi detallar uzun müddətdir ictimaiyyətə məlum olmayıb. Müraciət olduğu kimi təqdim olunur:
Müraciət edən şəxsin sözlərinə görə: “Mustafa Üngan Türkiyə Cümhuriyyəti vətəndaşıdır və mənim qohumumdur. Şəxsin mənə dediklərinə və əl yazısı ilə yazdığı şikayət ərizəsinə əsaslanaraq bunları demək istəyirəm. Mustafa Üngan tanışı Elnur Əhmədovdan 94.000 ABŞ dolları məbləğində faiz qarşılığında borc pul almış və işləri qaydasında getmədiyi üçün bu borcu vaxtında ödəyə bilməmişdir.
Təxminən 2025-ci ilin may ayında İstanbulda olduğu zaman Burhan adlı bir şəxs onu görüntülü şəkildə yığaraq, yaxın dostu İlhamın tapşırığı ilə Mustafanın Elnura olan borcunun təcili ödənilməsini tələb etmişdir. Bu hadisədən sonra fərqli nömrələrdən zənglər edilərək “Bu borcu ödəməsən, səni və ailəni öldürəcəyik” kimi təhdidlər səsləndirilmişdir.
Mustafa bu təhdidlərdən sonra Elnura verilmək üçün əlavə olaraq 130.000 ABŞ dolları ödəməli olmuşdur. Daha sonra Elnur telefonla zəng edərək Mustafanın ona olan borcunun bağlandığını bildirmişdir. Lakin bundan sonra həmin şəxslər Mustafadan 60–70 min ABŞ dolları məbləğində əlavə pul almışlar. Bu yolla borcun məbləği mütəmadi olaraq artırılmış və Mustafaya göstərilən təzyiqlər də artmışdır.
22 sentyabr 2025-ci il tarixində Burhan adlı şəxs bir qrup digər şəxslərlə birlikdə Mustafanı yenidən yığaraq ondan bir video çəkib göndərməsini tələb etmişdir. Eyni zamanda İlhamın yaxın bir dostunun həbs olunduğu, onu buraxması üçün Mustafanın adından hansısa vəkilin Azərbaycan manatı ilə 20.000 manat və 15 gün sonra daha bir 20.000 manat ödəyəcəyini bildirmişlər. Çəkilməli olan videoda isə “Borcumu yalnız Elnura ödəyəcəyəm, başqa heç kimə borcum yoxdur” deməsi məcburiyyət kimi irəli sürülmüşdür.
Mustafa çəkib paylaşdığı videonu təhdid və təzyiq altında, can qorxusu yaşadığı üçün çəkmək və paylaşmaq məcburiyyətində qalmışdır. Onun real olaraq Elnura heç bir borcu qalmadığı halda, təhdid və hədə-qorxular davam etmişdir.
Mustafa Üngan hazırda Bakıda həbsdədir. Mən onun qohumu olaraq, bu mövzuda adı keçən Burhan, İlham Qədimbəyli və digər şəxslərin təzyiq və hədə-qorxuları nəticəsində Mustafanın can təhlükəsizliyinin risk altında olmasından və Türkiyədə yaşayan ailəsinin də təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq keçirirəm.”
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.






