Səhvən başqa karta pul köçürən vətəndaşlar - BUNLARI ETMƏLİSİNİZ!
Vətəndaşlar bəzi hallarda pulu səhvən başqasının kart hesabına köçürə bilərlər. Bu halda çox adam vəsaiti necə geri qaytaracağını bilmir.
Bu halda vətəndaş nə etməlidir? Qanun nə deyir?
Patrul.az suallarımızı cavablandırmaq üçün Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərova müraciət edib.
O bildirib ki, bu halda ilk öncə, banka müraciət edib pul köçürmə əməliyyatının ləğv edilməsini tələb etməyiniz lazımdır:
“Kartın aid olduğu bank pulun köçürüldüyü kartın hansı banka aid olduğunu təyin edərək, həmin bank müştərisinə bildirməlidir ki, kartına səhvən vəsait daxil olub. Əgər şəxs razılıq verirsə, bank pulu geri qaytarmalıdır.
Həmin şəxs sizinlə əlaqə saxlasa, pulunuzu geri qaytarmaq ehtimalı var.
Həmin şəxs öz xoşuna pulu qaytararsa, bank onu səhvən pul köçürən şəxsin kartına yönəldir. Amma həmin şəxs pulu qaytarmaya da bilər. Bank bu halda heç nə edə bilmir”.

Hüquqşünas əlavə edib ki, belə vəziyyətdə səhvən köçürülmüş pul vəsaitinin geri tələb olunmasına dair məhkəməyə müraciət edə bilərsiniz:
“Əks halda şəxs razılıq verməsə, vətəndaş artıq məhkəməyə müraciət etməlidir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən şəxs (varlanmış şəxs) heç bir hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etdikdə əsassız varlanmış hesab olunur. Əsassız varlanma o zaman olur ki, şəxsin varlanması üçün hansısa qanuni əsas və ya müqavilə əsası olmur.
Onlayn pul köçürmələri edərkən qarşı tərəfdən aldığınız kartın 16 rəqəmli nömrəsinin düzgünlüyünə diqqət etmək lazımdır”.
“Əməliyyatı ödəniş terminalları vasitəsilə həyata keçirirsizsə, bu zaman 16 rəqəmlə yanaşı, pul göndərdiyiniz şəxsin ad və soyadının ilk hərflərinə də diqqət edin. Kartdan karta pul köçürmək qadağan deyil. “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanunu kartdan karta pul göndərməyi qadağan etmir.
Ancaq Qanun, istehlakçıların elektron ödəniş etmək imkanı ilə təmin edilməməyi qadağan edir. Beləki, POS-terminalların müştəriyə təqdim edilməməsini qadağan edir. Cərimə olaraq da 1-ci dəfə 1000 manat, 2-ci dəfə 3000 manat, 3-cü dəfə və daha çox olanda 6000 manat müəyyən edilir”,– deyə o sözlərini yekunlaşdırıb.
Ləman Sərraf






