SEPAH Azərbaycanı təhdid edir?
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Azərbaycana qarşı dolayı təhdid xarakterli açıqlama yayıb.
Patrulaz.az “Azad İran” telegram kanalına əsasən xəbər verir ki, SEPAH-ın rusdilli “Telegram” kanalında İran Silahlı Qüvvələrinin adından dərc edilən məlumatda qeyd olunur ki, “İrana qarşı hücum məqsədilə hava məkanını ABŞ və ya İsrail qüvvələrinə açan istənilən ölkə bu addımı ilə düşmənçilik nümayiş etdirir və nəticələrinə qatlaşmalı olacaq”.
Açıqlamada konkret ölkənin adı çəkilməsə də, ekspertlər bəyanatın əsasən Azərbaycanı hədəf aldığı qənaətindədir. SEPAH-ın İsrailə məğlubiyyəti fonunda belə çıxışları intensivləşdirdiyi müşahidə olunur.
Bildirək ki, ötən günlərdə SEPAH-ın nəzarətində olan kiberqrupların Azərbaycan platformalarına qarşı kiberhücumlar həyata keçirdiyi ilə bağlı da məlumatlar yayılıb. Bəzi müstəqil mənbələr bu fəaliyyətin koordinasiyalı şəkildə aparıldığını ehtimal edir.
Xatırladaq ki, İranla İsrail arasında gərginlik son aylarda daha da artıb və SEPAH region ölkələrinə qarşı ard-arda sərt xəbərdarlıqlar edir.