media-inshot_20251224_202013310

“Möhtərəm cənab Prezidenti İlham Əliyev tərəfindən 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında imzalanmış Sərəncam dövlətimizin milli irsə, tarixi yaddaşa və müasir inkişaf çağırışlarına verdiyi yüksək strateji dəyərin bariz nümunəsidir. Bu mühüm qərar Azərbaycan şəhərsalma və memarlıq məktəbinin zəngin ənənələrinə sadiqliyin və gələcəyə yönəlik ardıcıl, düşünülmüş inkişaf siyasətinin məntiqi davamıdır”.

Bu fikirləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Patrul.az-a Prezident İlham Əliyevin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı Sərəncamı haqqında danışarkən səsləndirib.

Millət vəkili qeyd edib ki, şəhərsalma və memarlıq xalqımızın estetik zövqünü, mədəni kimliyini və tarixi yaddaşını özündə əks etdirən fundamental sahədir:

“Ölkəmizdə mövcud olan tarixi şəhərlər, memarlıq abidələri və yaşayış məskənləri əsrlər boyu Şərq və Qərb mədəniyyətlərinin qovşağında formalaşaraq iki mədəniyyət arasında memarlıq incisi yaranmışdır.

Xüsusilə qeyd etmək lazımdır ki, sözügedən Sərəncam işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma proseslərinə də mühüm ideoloji və strateji əsasdır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən müasir şəhərsalma layihələri tarixi irsin qorunması, ekoloji tarazlığın təmin edilməsi və innovativ yanaşmaların tətbiqi baxımından yeni inkişaf modelini formalaşdırır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları bu siyasətin əsas istiqamətlərindəndir.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi həm də bu sahədə elmi-tədqiqatların genişləndirilməsinə, peşəkar kadr potensialının gücləndirilməsinə, gənc memar və urbanistlərin təşəbbüslərinin dəstəklənməsinə, ictimai müzakirələrin və maarifləndirmə tədbirlərinin intensivləşdirilməsinə xidmət edəcək, şəhər mühitinin insan mərkəzli, təhlükəsiz, estetik və dayanıqlı prinsiplər əsasında formalaşdırılmasına mühüm töhfə verəcəkdir”.

media-inshot_20251224_201639754

G.Ağamalı vurğulayıb ki, Bakıda 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ölkəmizə olan beynəlxalq etimadın göstəricisidir:

“Əminəm ki, möhtərəm cənab Prezidentin imzaladığı Sərəncam ölkəmizin şəhərsalma və memarlıq sahəsində yeni keyfiyyət mərhələsinin başlanğıcı olacaq, Azərbaycanın müasir inkişaf strategiyasına, milli-mədəni dəyərlərin qorunmasına və gələcək nəsillərə sağlam, planlı şəhər mühitinin ötürülməsinə mühüm xidmət göstərəcəkdir”.

Ləman Sərraf


Bənzər xəbərlər