Ölkəmizdə siyasət nümayəndələrinin saxlanması halları niyə artıb? - RƏY
“Hazırda cəmiyyətin diqqətində olan və şərti olaraq “Ramiz Mehdiyevin işi” kimi adlandırılan bir məsələ gündəmdədir. Bu məsələ hələlik istintaq və araşdırma mərhələsindədir. Bir çox detallar hələ ictimaiyyətə açıqlanmayıb. Lakin məlum olan budur ki, 30 ilə yaxın bir müddətdə Azərbaycan dövlət rəhbərliyində mühüm vəzifə tutmuş bir şəxslə bağlı dövlət çevrilişinə cəhd, hakimiyyətin zorla ələ keçirilməsi kimi olduqca ağır cinayət maddələri üzrə araşdırmalar aparıldığına dair məlumatlar yayılıb”.
Bu fikirləri son zamanlarda siyasət nümayəndələrinin saxlanılması hallarının artması barədə Patrul.az-a danışan siyasi şərhçi Aydın Quliyev səsləndirib.
Onun sözlərinə görə, belə bir hadisənin gündəmdə olması, təbii olaraq, ölkənin siyasi mühitinə də təsirsiz ötüşmür:

“Ölkə siyasətinin müxtəlif sahələrində bu işin dolayısı izləri, əks-sədaları görünməkdədir. Son günlərdə bəzi siyasətçilərin saxlanması da sırf onların siyasi fəaliyyəti ilə əlaqələndirilmir. Əldə olan məlumatlara görə, bu şəxslərin saxlanması və dindirilməsi məhz Ramiz Mehdiyevin işi ilə bağlı istintaq çərçivəsində baş verir.
İstintaqın hansı nəticələri verəcəyini isə yalnız prosesin yekununda öyrənəcəyik. Amma burada əsas məsələ ondan ibarətdir ki, istər siyasətçi, istər jurnalist, istərsə də digər peşə sahibləri hər bir vətəndaş qanun qarşısında məsuliyyət daşıyır. Konstitusiyaya və qanunlara əməl etmək hər kəsin vətəndaşlıq borcudur”.
“Əgər bu öhdəliklər pozularsa və ya belə pozuntulara dair əsaslı şübhələr yaranarsa, istənilən şəxsin saxlanılması, dindirilməsi və istintaqa cəlb olunması qanun çərçivəsində qəbul olunan və normal bir haldır. Bu səbəbdən, son günlərdə bəzi siyasətçilərlə bağlı baş verən hadisələrə də məhz “Ramiz Mehdiyevin işi”nin davamı və ya onunla əlaqəli bir prosesin tərkib hissəsi kimi yanaşmaq lazımdır. Bu məsələlərin nə dərəcədə əsaslı olub-olmadığını isə istintaq müəyyən edəcək”,- deyə o əlavə edib.
Ləman Sərraf






