SON DƏQİQƏ: Pakistan və Əfqanıstan arasında müharibə başladı
Pakistan və Əfqanıstan arasında hərbi toqquşmalar zəmnində müharibə başlayıb.
Patrul.az “Geo”ya istinadən xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif sosial şəbəkə hesabında paylaşım edərək məlumat verib.
“İndi sizinlə açıq müharibə aparacağıq. İndi bu, qanlı bir müharibə olacaq”, – deyə o, “Facebook” hesabında bildirib.
Əfqanıstanda isə hakimiyyətdə olan Taliban qüvvələri Pakistanla sərhəd boyunca genişmiqyaslı əməliyyata başlayıb.
Məlumata görə, Pakistan ordusu Əfqanıstanın Kabil və Qəndəhar şəhərlərinə zərbələr endirib. Nəticədə 12 Əfqanıstan sərhəd postu tamamilə dağıdılıb, daha 5 post Pakistan hərbçilərinin nəzarətinə keçib və həmin ərazilərdə Pakistan bayrağı qaldırılıb.
Həmçinin üç Taliban batalyonunun və bir sektor qərargahının məhv edildiyi, 30-dan çox tankın, artilleriya qurğusunun və zirehli personal daşıyıcısının sıradan çıxarıldığı bildirilir.
Pakistan Baş nazirinin sözçüsü Moşarraf Zaidinin sözlərinə görə, Pakistan qüvvələrinin əməliyyatları nəticəsində ümumilikdə 133 Taliban üzvü öldürülüb, 200-dən çoxu isə yaralanıb.
Talibanın Müdafiə Nazirliyi isə 19 Pakistan hərbi postunu və iki bazanı ələ keçirdiyini açıqlayıb. Nazirliyin məlumatına görə, toqquşmalar zamanı 55 Pakistan əsgəri öldürülüb.
Pakistan prezidenti Asif Əli Zərdari Taliban hücumlarına qarşı ölkəsinin verdiyi cavabı alqışlayıb. O, sosial şəbəkədə paylaşım edərək “Silahlı qüvvələrimizin cavabı hərtərəfli və qətiyyətlidir” ifadəsini işlədib.
BMT-nin Baş katibi Antonio Quterreş və İnsan Haqları üzrə Ali Komissar Volker Türk tərəfləri beynəlxalq hüquq üzrə öhdəliklərə, xüsusilə beynəlxalq humanitar hüquqa ciddi şəkildə riayət etməyə çağırıblar.
Qeyd edək ki, tərəflər uzun müddətdir bir-birini terrorizmi dəstəkləməkdə ittiham edir.







