Sosial media qalmaqalı: Türkiyə məhkəməsi “bəyənmə”ni boşanma səbəbi kimi tanıdı
Türkiyədə ali məhkəmə orqanı olan Yargıtay sosial şəbəkə davranışları ilə bağlı diqqət çəkən yeni qərar verib. Qərara əsasən, evli şəxsin sosial mediada başqa qadınların foto və paylaşımlarını bəyənməsi sədaqət öhdəliyinin pozulması kimi qiymətləndirilib və rəsmi şəkildə boşanma səbəbi hesab olunub.
Patrul.az xəbər verir ki, hadisə Kayseri şəhərində baxılan boşanma işi zamanı üzə çıxıb. Məhkəməyə müraciət edən qadın bildirib ki, həyat yoldaşı sosial şəbəkədə müxtəlif qadınların fotolarını bəyənərək ona qarşı etimadı sarsıdıb. Yerli məhkəmə ərini “ağır qüsurlu” hesab edərək boşanmaya qərar verib. Ər qərardan şikayət etsə də, iş Yargıtaya daşınıb və Yargıtay həmin qərarı tam şəkildə təsdiqləyib.
Məhkəmənin qərarında vurğulanır ki, evlilikdə tərəflər arasında sədaqət və qarşılıqlı etibar öhdəliyi mövcuddur. Sosial media üzərindən qarşı cinsə aid foto və paylaşımları bəyənmək bu öhdəliyin pozulması kimi qəbul olunur və ailə birliyinə zərər vurduğu halda “ağır qüsur” sayılır. Belə davranış tərəflər arasında inamsızlıq yaradır və evliliyin davamını çətinləşdirir.
Hüquq mütəxəssisləri bildirirlər ki, Yargıtayın bu mövqeyi Türkiyədə bütün oxşar boşanma işləri üçün emsal (presedent) olacaq. Yəni bundan sonra sosial şəbəkədə qarşı cinsin paylaşımlarına bəyənmə qoymaq məhkəmələr tərəfindən boşanma üçün əsas səbəb kimi qiymətləndirilə biləcək.
Qərar Türkiyə ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Bir qisim bunu ailə dəyərlərinin qorunması üçün doğru addım kimi qiymətləndirir, digərləri isə sosial media davranışlarının şəxsi azadlıq çərçivəsində dəyərləndirilməli olduğunu düşünür.
Mütəxəssislər vurğulayırlar ki, artıq “sadə bir bəyənmə” belə hüquqi nəticə doğura bilər və evli şəxslərin sosial şəbəkələrdəki davranışlarına daha ciddi diqqət etməsi tövsiyə olunur.
Günay Salayeva






