media-inshot_20251201_152945067

Müasir dövrümüzdə sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. “Like” etmək, paylaşmaq və rəylər yazmaq artıq sadəcə onlayn fəaliyyət deyil, münasibətlərə də təsir edən davranış forması kimi qiymətləndirilir. Bu səbəbdən bir çox cütlük arasında belə bir sual yaranır: Başqasının sosial şəbəkədəki şəkillərini “like” etmək münasibətdə xəyanət sayılırmı?

Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, “Like”ın xəyanət olub-olmaması niyyət və münasibətdəki sərhədlərdən asılıdır:

“Müasir dövrdə münasibətlər yalnız real həyatda yox, eyni zamanda sosial şəbəkələrdə də yaşanır. Buna görə də “başqasının şəkillərini ‘like’ etmək xəyanətdirmi?” sualının cavabı birmənalı “bəli” və ya “xeyr” deyil. Burada əsas məsələ hərəkətin özü yox, onun mənası, niyyəti və tərəflər arasındakı razılaşmadır. Bir çox hallarda “like” sosial şəbəkənin texniki funksiyasıdır. Belə ki, insan bəyənməsini, dəstəyini, ya da sadəcə gördüyünü qeyd edir. Məsələn, iş yoldaşının uğuru, tanışın ailə şəkli, dostunun təbriki və s. bunları bəyənmək adətən xəyanət sayılmır. Çünki burada romantik və ya seksual məna daşımayan gündəlik sosial əlaqə var. Lakin bəzi vəziyyətlərdə “like” artıq təkcə düymə basmaq olmur, emosional mesaj daşıyır. Məsələn, eyni şəxsin paylaşdığı cəlbedici, intim, seksual məzmunlu şəkilləri ardıcıl və israrla bəyənmək, yazışmalarla davam etdirmək, bunları gizlətməyə çalışmaq, tərəfdaşın narahatlığına baxmayaraq davranışı dayandırmamaq artıq münasibətə hörmətsizlik və emosional sadiqlik pozuntusu kimi dəyərləndirilə bilər. Burada biz “mikroxəyanət”, yəni açıq fiziki xəyanət olmasa da, sərhədləri pozan və güvəni zədələyən davranışlardan danışa bilərik. Burada həlledici amil tərəflərin qoyduğu sərhədlər və aralarındakı etimad səviyyəsidir. Hər bir cütlüyün öz yazılı və ya yazılmamış “qaydaları” olur. Kiminsə münasibətində başqasının şəkillərini bəyənmək adi və qəbul olunan davranışdırsa, digərində bu, həssas mövzu ola bilər. Ona görə də tərəflərin bir-biri ilə açıq danışması çox vacibdir: “Mən bu davranışı görəndə özümü necə hiss edirəm?”, “Bu sənin üçün nə deməkdir?”, “Bizim üçün qəbul olunmayan sərhəd haradadır?”.

Bəzən də problem “like”da yox, münasibətin özündə olur. Özünə inamı zəif, tərk edilmək qorxusu yüksək, daha əvvəl xəyanət travması yaşayan insanlar sosial şəbəkədəki ən kiçik hərəkəti belə təhlükə kimi qavraya bilirlər. Bu halda əsas iş “like”ı qadağan etməkdən çox, insanın öz özünə inamını və münasibətdə güvən hissini gücləndirmək olmalıdır. Əgər tərəfdaş dürüst, şəffafdırsa, onun ümumi sosial aktivliyini xəyanət kimi etiketləmək doğru olmaz”.

media-img-20251201-wa0108

Psixoloq vurğulayır ki, sosial şəbəkədə “like” xəyanət sayılıb-sayılmaması davranışın niyyətinə, cütlüyün sərhədlərinə və tərəflərin bu vəziyyətdə özlərini necə hiss etdiyinə bağlıdır:

“Digər tərəfdən, sosial şəbəkələr bəzi insanlar üçün gizli flirt və təsdiq axtarışı meydanına da çevrilə bilər. Əgər kimsə davamlı olaraq romantik marağı olan insanlarla onlayn yaxınlıq qurur, paylaşdığı şəkillərlə diqqət və təsdiq toplamaq üçün münasibətindən kənarda emosional həyat yaşayırsa, bunu artıq münasibətə zərər verən davranış saymaq mümkündür, hətta fiziki xəyanət olmasa belə. Ümumən gptürəndə başqasının sosial şəbəkə şəkillərini bəyənmək avtomatik olaraq xəyanət deyil. Bu, vəziyyətdən-vəziyyətə dəyişən psixososial fenomendir. Burada üç əsas sual vacibdir: bu davranışın niyyəti nədir, tərəfdaş bunu biləndə özünü necə hiss edir və cütlüyün ümumi sərhədləri nədir? Sağlam münasibət o zaman formalaşır ki, tərəflər sosial şəbəkələr də daxil olmaqla bütün sahələrdə bir-birilərinə hörmət edir, ehtiyac və narahatlıqları açıq şəkildə bölüşür və “gizli həyat” yaratmadan şəffaf davranırlar. Burada məqsəd yasaqlar siyahısı tərtib etmək yox, qarşılıqlı güvən və anlaşma üzərində dayanıqlı münasibət qurmaqdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər