media-img_0521

“TikTok”sosial platformasında @tickets_boxx adlı səhifə vasitəsilə fəaliyyət göstərən şəxslərin insanları aldatdığı barədə iddialar yayılıb.

Patrulaz.az-a daxil olan məlumata görə, həmin səhifə Azərbaycanda fəaliyyət göstərən rəsmi Tickets.az platformasının adından sui-istifadə edərək, müxtəlif tədbirlər və yarışlara bilet satışı adı altında vətəndaşlara maddi zərər vurur.

Araşdırmalara əsasən, saxta səhifə adətən biletlərin artıq satılıb qurtardığı məşhur tədbirlərlə bağlı paylaşımlar edir. Məsələn, “Qarabağ – Çelsi” futbol oyunu, eləcə də Hellouin mövzusunda xanımların iştirakı ilə keçirilən tədbirlər barədə paylaşımlar paylaşılaraq, izləyicilərin etimadını qazanmağa çalışılıb.

İstifadəçilər qeyd edirlər ki, səhifə rəsmi Tickets.az platformasının loqosuna və dizayn üslubuna bənzər vizual elementlərdən istifadə edir, bu isə aldatma mexanizminin bir hissəsidir. Aldadılan şəxslər ödəniş etdikdən sonra isə bilet ala bilmədiklərini və səhifənin onlarla əlaqəni kəsdiyini bildirirlər.

Qeyd edək ki, Tickets.az platformasının bu səhifə ilə heç bir əlaqəsi yoxdur. Platforma yalnız rəsmi saytı – tickets.az və rəsmi sosial media hesabları üzərindən xidmət göstərir.

Ekspertlər və kibertəhlükəsizlik mütəxəssisləri vətəndaşlara çağırış edirlər ki, bilet alarkən yalnız rəsmi mənbələrdən istifadə etsinlər, sosial şəbəkələrdə tanımadıqları səhifələrə şəxsi məlumat və ödəniş məlumatlarını təqdim etməsinlər.

media-img_0522 media-img_0520


Bənzər xəbərlər