Sosial şəbəkələrdə böhtan: “Deyirlər ki” ifadəsi məsuliyyəti aradan qaldırırmı?
Bir şəxs barəsində əsassız və həqiqətə uyğun olmayan məlumatların yayılması cəmiyyətdə ciddi hüquqi və mənəvi problemlərə yol aça bilər. Xüsusilə sosial şəbəkələr və rəqəmsal platformalar vasitəsilə yayılan şər və böhtan halları insanların nüfuzuna, iş həyatına və şəxsi münasibətlərinə mənfi təsir göstərir. Bu cür halların artması fonunda vətəndaşlar hüquqlarının necə qorunduğu və hansı addımları ata biləcəyi ilə maraqlanır.
Bir başqasına şər-böhtan atmaq hüquqi pozuntu sayılırmı və belə hallarda hüquq-mühafizə orqanlarına müraciət etmək mümkündürmü?
Bu barədə hüquqşünas Nəriman Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, böhtan yalan olduğunu bilə-bilə şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatların yayılmasıdır və Azərbaycan qanunvericiliyinə görə cinayət məsuliyyəti yaradır:
“Gündəlik həyatda və xüsusilə sosial şəbəkələrdə tez-tez rast gəlinən hallardan biri də əsassız ittihamlar, şər və böhtan xarakterli paylaşımlardır.
Böhtan – yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən, yaxud onu nüfuzdan salan məlumatların yayılmasıdır. Bu cür məlumatlar sosial şəbəkələrdə,mediada,kütləvi çıxışlarda,internet saytlarında paylaşıldıqda hüquqi məsuliyyət yaradır. Böhtan – Azərbaycan qanunvericiliyinə görə cinayət əməli hesab olunur. Belə ki, Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət məsuliyyəti yaradır. Həmin maddənin sanksiyasında cərimə,ictimai işlər,islah işləri, azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Şər-böhtanla üzləşən şəxs öz hüquqlarını qorumaq üçün birbaşa məhkəməyə müraciət edə bilər. Böhtan işləri xüsusi ittiham qaydasında baxılır. Yəni iş zərərçəkmiş şəxsin şikayəti əsasında başlanır”.

Hüquqşünasın onu qeyd edib ki, şəxsi rəy və sübuta əsaslanan tənqid böhtan sayılmır, yalan məlumat isə məsuliyyət yaradır:
“Hansı hallar böhtan sayılmır?
Aşağıdakı hallar, bir qayda olaraq, böhtan kimi qiymətləndirilmir:
şəxsi rəy və subyektiv fikir,
sübuta əsaslanan məlumatlar,
tənqidi yanaşma (əgər fakt iddiası yoxdursa).
Lakin “eşitmişəm”, “deyirlər ki” kimi ifadələrlə də yalan məlumat fakt kimi təqdim edilərsə, məsuliyyət yarana bilər.
Şikayət zamanı aşağıdakı sübutlar mühüm əhəmiyyət daşıyır:
sosial şəbəkə paylaşımlarının ekran görüntüləri, şahid ifadələri,
audio və video yazılar,
media materialları.
Cinayət məsuliyyəti ilə yanaşı, zərərçəkən şəxs mülki qaydada yalan məlumatların təkzib olunmasını, mənəvi zərərin ödənilməsini də məhkəmədən tələb edə bilər.Bu, cinayət işindən asılı olmayan ayrı bir hüquqdur”.
Cəmilə Cəfərzadə






