media-inshot_20260519_235218385

UEFA qadın futbolçuların şəxsi toxunulmazlığını və təhlükəsizliyini kobud şəkildə pozan çexiyalı sabiq baş məşqçi Petr Vlaxovskini ömürlük olaraq bütün növ futbol fəaliyyətlərindən kənarlaşdırıb.

Patrul.az xəbər verir ki, qərar qurumun Etika və İntizam Komitəsi tərəfindən qəbul olunub.

Məlumata görə, “Slovatsko” qadın futbol klubunun sabiq baş məşqçisi olmuş P.Vlaxovski soyunub-geyinmə və duş otaqlarında gizli kamera vasitəsilə qadın futbolçuların videolarını çəkdiyi üçün hələ 2023-cü ildə saxlanılmışdı.

İstintaq materiallarına əsasən, o, bu cinayət əməllərini 2019–2023-cü illərdə törədib.

Zərərçəkənlər arasında 17 yaşlı yetkinlik yaşına çatmayan qızların da olduğu və sabiq mütəxəssisin elektron cihazlarından uşaq cinsi istismarı materiallarının tapıldığı sübuta yetirilib.

Ötən il Çexiya məhkəməsi P.Vlaxovskiyə 1 illik şərti həbs cəzası kəsib, yerli futbol assosiasiyası isə onu 5 il müddətinə idmandan uzaqlaşdırıb. Lakin Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyası (FIFPRO) və futbol ictimaiyyətinin kəskin etirazından sonra UEFA məsələyə müdaxilə edib.

Qurum P.Vlaxovskinin etik qaydaları kobud şəkildə pozduğunu elan edərək onun bütün məşqçilik lisenziyalarını dərhal ləğv edib və ömürlük qadağa tətbiq edib.

Ali futbol qurumunun bu qərarından sonra o, dünyanın heç bir ölkəsində futbol fəaliyyəti ilə məşğul ola bilməyəcək.

Qeyd edək ki, P.Vlaxovski keçmişdə Çexiyada “İlin ən yaxşı qadın futbolu məşqçisi” seçilmişdi.

media-3271
Petr Vlaxovski

Bənzər xəbərlər