Subay qadınların övladlığa uşaq götürməyi ailə anlayışına necə təsir edir? - RƏY
Azərbaycanda subay qadınların övladlığa uşaq götürməsi hallarının artması cəmiyyətdə sosial dəyərlərin və ailə modellərinin müəyyən transformasiyaya uğradığını göstərən tendensiyalardan biri kimi qiymətləndirilir. Bu dəyişiklik ənənəvi ailə anlayışına necə təsir edir və gələcəkdə sosial münasibətlərdə hansı yeni yanaşmaları formalaşdıra bilər?
Mövzu ilə bağlı Patrul.az sosioloq Hüseyn İbrahimovun fikirlərini öyrənib.
Onun sözlərinə görə, ailə münasibətlərində istər evlilik, istər övladlıq götürmə, istərsə də boşanma məsələləri ilə bağlı bütün dünyada daim transformasiyalar baş verir:
“Çünki müxtəlif cəmiyyətlərdə dəyərlər və münasibətlər sistemi dəyişir. Bütün bunlar həyat tərzi, eləcə də nikah və boşanma statistikaları, ailəyə münasibətdə dünyagörüşünün və düşüncənin dəyişikliyə uğraması fonunda baş verir. Əvvəllər ailə qurmaq zərurət və psixoloji tendensiyaya çevrilmişdi. Lakin indiki halda müşahidə edirik ki, istər şəhərlərdə, istərsə də kənd yerlərində insanlarda liberal düşüncə formalaşıb. Bununla da görürük ki, çox nadir hallarda kimsə zorla ailə qurmağa sövq edilir. Bu liberal düşüncə başqa bir tendensiyanı da artırır, hansı ki subay qadınlar ya övladlığa uşaq götürür, ya da ev heyvanı saxlayaraq sevgilərini bu istiqamətə yönəldirlər”.

Həmsöhbətimiz qadınların ailə qurmasının cəmiyyətimizdə vacib hallardan biri olduğunu qeyd edib:
“Amma düşünürəm ki, əgər qadın ailə qurmaq istəmirsə, hər hansı səbəblərdən dolayı bu, baş tutmayıbsa, onların subay olsa belə övladlığa uşaq götürməyi çox yaxşı haldır. Bu, cəmiyyətdə humanizmi artıran bir göstəricidir. Ona görə də bu hal neqativ hesab edilə bilməz”.
Ləman Sərraf






