media-inshot_20260112_081616513

Çay Azərbaycan xalqının ən çox istifadə etdiyi içkilərdən biridir. Statistik məlumatlara görə, ölkəmizdə gündəlik çay istehlakı adambaşına görə bir çox ölkəni geridə qoyur. Azərbaycanda çay təkcə içki deyil, həm də ünsiyyət, qonaqpərvərlik və istirahət rəmzidir.

İstər yay, istər qış, istər səhər, istərsə də axşam – çay hər zaman süfrədə öz yerini tapır. Qonaq qarşılayarkən, yeməkdən sonra, söhbət zamanı və ya tək qalanda ilk seçim çox vaxt çay olur. Məhz bu səbəbdən çay Azərbaycan milli mətbəxinin və gündəlik həyatının vacib hissəsinə çevrilib. Lakin son tədqiqatlar göstərir ki, çay yalnız adət-ənənə deyil, eyni zamanda sağlamlıq üçün də düşündüyümüzdən daha faydalı içkidir.

Çayın tarixi minilliklərə dayanır. İlk dəfə Çində yaranan çayın tarixi eramızdan əvvəl III əsrə gedib çıxır. Rəvayətə görə, eramızdan əvvəl 2700-cü ildə Çin imperatoru Şenn Nunq bir ağacın altında oturarkən əlindəki isti su qabına təsadüfən bir neçə çay yarpağı düşür. Yarpaqların suya verdiyi rəng və qoxu imperatorun xoşuna gəlir və o, bu içkini dadır.

Şenn Nunq çayı içdikdən sonra özünü daha yaxşı hiss etdiyini deyir və bundan sonra çay uzun müddət müalicəvi vasitə kimi istifadə olunur. İlk dövrlərdə yalnız dərman məqsədilə istifadə edilən çay, zamanla Çində ticarət məhsuluna çevrilir.

Eramızın VIII əsrində Çin mədəniyyətini öyrənən yapon rahibləri çayı Yaponiyaya aparırlar. Burada çay sürətlə yayılır və hətta xüsusi çay mərasimləri formalaşır. Bu mərasimlər sonralar rəsmi görüşlərin və protokol tədbirlərinin bir hissəsinə çevrilir.

Yaponiyadan sonra çay Hindistana, İrana və digər Asiya ölkələrinə yayılır. Avropaya isə yalnız XVII əsrdə çatır. Hollandiya, Fransa, İngiltərə və İspaniya çayla tanış olan ilk Avropa ölkələri olur.

Patrul.az çayın elmi tədqiqatlarla sübut olunmuş əsas faydalarını təqdim edir:

Ürək sağlamlığına müsbət təsir edir

Qara çayın tərkibində flavonoidlər adlı güclü antioksidantlar var. Bu maddələr qan təzyiqinin, xolesterinin və triqliserid səviyyəsinin aşağı düşməsinə kömək edə bilər. Flavonoidlər həmçinin ürək-damar xəstəlikləri riskini azaltmaqda rol oynayır.

Bağırsaq sistemini dəstəkləyir

Qara çayda olan polifenollar zərərli bakteriyaların, xüsusilə Salmonella kimi mikroorqanizmlərin çoxalmasının qarşısını alır. Eyni zamanda faydalı bakteriyaların artmasına şərait yaradır və bağırsaq balansını qoruyur.

İnsult riskini azalda bilər

Aparılan araşdırmalara görə, gündə 3 stəkandan çox qara və ya yaşıl çay içən şəxslərdə insult riski gündə 1 stəkandan az çay içənlərə nisbətən təxminən 21 faiz daha aşağıdır.

Qan şəkərinin tənzimlənməsinə kömək edir

Şəkərsiz qəbul edilən qara çay insulin istifadəsini artıran molekullar ehtiva edir. Bu xüsusiyyət çayın qan şəkəri səviyyəsinə müsbət təsir göstərməsinə səbəb olur.

Xərçəng hüceyrələrinə təsir göstərə bilər

Laboratoriya tədqiqatları göstərir ki, çayda olan polifenollar xərçəng hüceyrələrinin böyüməsini ləngidə və yeni hüceyrələrin inkişafını azalda bilər. Bu təsir həm qara, həm də yaşıl çay üçün müşahidə olunub.

Diqqət və konsentrasiyanı artırır

Qara çayın tərkibində kofein və L-teanin adlı maddə var. L-teanin beyində rahatlama yaradır, stressi azaldır və diqqətin daha uzun müddət qorunmasına kömək edir.

Minilliklər əvvəl müalicə məqsədilə istifadə edilən çay bu gün həm mədəniyyətin, həm də sağlam həyat tərzinin vacib hissəsinə çevrilib. Azərbaycan xalqı üçün çay söhbətin başlanğıcı, qonağın hörməti və gündəlik həyatın ayrılmaz parçasıdır. Düzgün və ölçülü istifadə edildikdə isə çay sağlamlığımıza düşündüyümüzdən daha çox faydalı ola bilər.


Bənzər xəbərlər