Sükan arxasında telefondan istifadə edən avtobus sürücüsü barədə tədbir görüldü - VİDEO
Sükan arxasında telefondan istifadə edən 202 nömrəli avtobus sürücüsü barədə tədbir görülüb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Patrulaz.az-ın sorğuna cavab olaraq bildirib ki,sürücünün qayda pozuntusuna yol verdiyi müəyyən edilib və onun barəsində töhmət tətbiq olunub:
“Marşrut avtobusunun sürücüsünün idarəetmə zamanı mobil telefondan istifadə etməsi qayda pozuntusu olmaqla yanaşı, sərnişinlərin təhlükəsizliyi baxımından ciddi risk yaradır. Sürücülər barəsində inzibati tənbeh tədbirlərinin görülməsi AYNA-nın səlahiyyəti olmasa da, daşıyıcıya xəbərdarlıq edilib və sürücü ilə bağlı tədbir görülməsi tapşırılıb.
Daşıyıcı “ÇinarTrans” MMC tərəfindən 202 nömrəli marşrut xəttinin sürücüsünə yol verdiyi qayda pozuntusuna görə töhmət elan edilib”.
AYNA əlavə edib ki, bu kimi halların qarşısını almaq üçün daşıyıcılara mütəmadi olaraq sürücülərin nizam-intizam və sərnişindaşıma qaydalarına ciddi əməl etməsi ilə bağlı tapşırıqlar verilir.
Xatırladaq ki, oktyabrın 30-da sərnişinlərdən biri tərəfindən çəkilən videogörüntülərdə 202 nömrəli avtobusun sürücüsünün hərəkət zamanı mobil telefondan istifadə etdiyi, danışdığı və müxtəlif videolara baxdığı əks olunmuşdu.
Gülbəniz Səfərova






