Süni intellekt emosiyalarımızı öldürür? - PSİXOLOQ RƏYİ
Son zamanlarda insanlar öz emosiyalarını süni intellektlə bölüşməyə və ətraf-mühitdən uzaqlaşmağa başlayıb. Süni intellektlə tanışan olan insanlar artıq dost-tanışla ünsiyyətdən qaçırlar.
Bəs səbəb nədir? Süni intellekt emosiyalarımızı öldürür?
Mövzu ilə bağlı Patrul.az-a danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, süni intellekt emosiyaları öldürmür, lakin emosional münasibətlərin formasını dəyişir:
“İnsan təbiəti etibarilə anlaşılmaq, dinlənilmək və qəbul edilmək istəyir. Süni intellekt isə mühakimə etmədən cavab verdiyi üçün bəzi insanlar üçün “təhlükəsiz emosional zona” rolunu oynayır.
Problem süni intellektdə deyil, onun necə və nə qədər istifadə olunmasındadır. Əgər insan real münasibətləri çətin, riskli və yorucu hesab edib yalnız süni intellektə yönəlirsə, bu zaman emosional təcrid, empati zəifləməsi və sosial bacarıqların körelməsi riski yaranır”.

Psixoloqun sözlərinə görə, digər tərəfdən, süni intellekt emosiyalarını ifadə etməkdə çətinlik çəkən insanlara ilkin dəstək ola bilər,təkliyin yükünü azalda bilər,bəzi psixoloji mövzularda maarifləndirici rol oynaya bilər:
“Amma unutmayaq ki, emosional bağ yalnız qarşılıqlıdır. Süni intellekt empati davranışını simulyasiya edə bilər, lakin hiss etmir. İnsan emosional inkişaf üçün mimika, toxunuş, səs tonu və canlı reaksiya kimi ünsiyyət elementlərinə ehtiyac duyur.
Nəticə olaraq deyə bilərik ki, süni intellekt emosiyalarımızı öldürmür, amma onu əvəzləyən əsas emosional mənbəyə çevrilərsə, bu, psixoloji balansı poza bilər. Sağlam yanaşma süni intellekti vasitə, insan münasibətlərini isə əsas ehtiyac kimi görməkdir”.
Ləman Sərraf






