Sürücü: “Məqsədim digər sürücüləri diqqətli olmağa çağırmaqdır” - VİDEO
Masallı rayon sakini Hüseynov Məhəmmədəli Rəşid oğlu Patrulaz.az-ın redaksiyasına müraciət edərək bildirir ki, 05 aprel tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi avtomobilə Toyota RAV4 markalı, 50-DR-218 dövlət qeydiyyat nişanlı avtomobil çırpılıb.
Məlumata görə, qəzanı törədən Murtaza Eynulayev Mahmud oğlu avtomobili etibarnamə əsasında idarə edib. Hadisə nəticəsində Məhəmmədəli Hüseynovun avtomobilinə 5 min 850 manat məbləğində ziyan dəyib.
Sığorta şirkəti ödənişi uzun müddət gecikdirdiyindən vətəndaş təxminən iki aya yaxın avtomobilsiz qalıb. Nəticədə yalnız 4 min manat sığorta ödənişi ala bilib ki, bu da dəymiş ziyanın tam qarşılanması üçün kifayət etməyib.
Sürücünün sözlərinə görə, bu məsələni ictimailəşdirməkdə məqsədi digər sürücülərin diqqətli olmasına çağırış etməkdir. O hesab edir ki, bir çox hallarda sığorta şirkətləri tərəfindən ödənilən məbləğ real zərəri əhatə etmir və nəticədə vətəndaşlar aylarla avtomobilsiz qalmağa məcbur olurlar.






