media-inshot_20260508_215503182

“8 may tarixi 6 il öncəyə qədər, uzun bir dövr ərzində yaddaşımıza itki və kədər günü kimi həkk olunmuşdu. Lakin cənab İlham Əliyevin müzəffər komandanlığı altında qazanılan zəfərimiz artıq həmin tarixə baxışı tamamilə dəyişib. Artıq Şuşa işğal altında olan bir nisgil deyil, Azərbaycanın qətiyyətinin və milli qürurunun simvoludur, müasir sivilizasiyanın ən parlaq mədəniyyət paytaxtlarından biridir”.

Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Patrul.az-a açıqlamasında deyib.

​Onun sözlərinə görə, Şuşanın azadlığı ilə biz təkcə torpaqlarımızı yox, həm də mənəvi bütövlüyümüzü geri qazandıq:

“Vaxtilə kədərlə andığımız bu gün, indi bizə məğlubiyyəti deyil, o çətin sınaqlardan necə qalib çıxdığımızı xatırladır. Düşmən tapdağından qurtulan Cıdır düzü, yenidən bərpa olunan Vaqif məqbərəsi və Şuşa qalası xalqımızın əyilməz ruhunun sübutudur. 8 may artıq bir matəm günü deyil, keçmişin dərslərini unutmamaq və azadlığın qədrini bilmək üçün bir vəsilədir. Şuşa azaddır və bu azadlıq əbədidir.

​Vətən müharibəsinin Şuşanın işğaldan azad edilməsi ilə başa çatması və Zəfər Gününün məhz bu təqvimdə qeyd edilməsi şəhərin ölkəmiz üçün tarixi, siyasi və mənəvi əhəmiyyəti ilə yanaşı, bütövlükdə coğrafiyamız üçün geosiyasi və strateji önəminin göstəricisi hesab olunur. Təsadüfi deyil ki, Birinci Qarabağ müharibəsinin gedişində Şuşa şəhərinin işğalı proseslərin sonrakı mərhələsi üçün həlledici rola malik oldu və şəhərin itirilməsi ilə bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun işğalı labüdləşdi. 1992-ci ilin may ayında AXC-Müsavat ünsürlərinin hakimiyyət naminə Şuşanı qurban verməsi ilə o zamankı Laçın dəhlizi vasitəsilə Qarabağın Ermənistanla fiziki olaraq birləşdirilməsi, o cümlədən Xankəndinin işğalının dayanıqlığının təmin olunması başa çatmış oldu və nəticə etibarilə yaranan xaosdan istifadə edən AXC-Müsavat cütlüyü Azərbaycanda hakimiyyəti ələ keçirdi. Sonrakı dövrdə proseslərin gedişatı bir daha sübut etdi ki, Şuşa kimin nəzarətindədirsə, Qarabağ və Şərqi Zəngəzura faktiki nəzarət də ona məxsus olur”.

media-inshot_20260508_214512254

Millət vəkili dövlət başçısı İlham Əliyevin sözlərini xatırladaraq qeyd edib:

​“Bu mənada, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən etibarən qətiyyətlə bəyan edirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Bu mənada, əks-hücum əməliyyatları başlayan andan Azərbaycan Ordusunun əsas istiqaməti və hədəfi Şuşanın düşmən işğalından azad edilməsi olmuşdu. Yəni Şuşanın işğaldan azad edilməsi Azərbaycan üçün prinsipial məsələ idi və əzəli, əbədi Azərbaycan torpağı olan bu şəhərin hərb tarixində misli görünməmiş ustalıqla düşmən tapdağından təmizlənməsi Azərbaycana, o cümlədən Ordumuza ruh yüksəkliyi və strateji üstünlük qazandırmaqla bərabər, düşmənin onsuz da sınmış döyüş ruhunun tamamilə yerlə-yeksən olunmasına gətirib çıxardı”.

B.Məhərrəmov əlavə edib ki, məhz Şuşa işğaldan azad edildikdən sonra Ermənistan ağ bayraq qaldıraraq kapitulyasiyaya, habelə bir güllə atmadan Ağdam, Kəlbəcər və Laçını işğaldan azad etməyə razılıq verdi:

“Əsgər və zabitlərimizin yolsuzluq şəraitində sıldırım qayalardan və dərin dərələrdən keçərək Şuşanı işğaldan azad etməsi həm də müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına və müzəffər liderimiz cənab İlham Əliyevə vəsiyyətinin yerinə yetirilməsi baxımından ideoloji yükə malikdir. Təsadüfi deyil ki, möhtərəm Prezident qələbə xəbərini məhz Şuşanın azadlığı fonunda xalqımızla bölüşmüş, Şuşanın dirçəldiləcəyi barədə bəyanatı ilə isə böyük quruculuq-bərpa və Böyük Qayıdış prosesinin başlandığını elə Zəfər Günündəcə elan etmiş oldu.

​Şuşanın işğaldan azad edilməsi, eyni zamanda Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə Ermənistanın dövlət siyasəti çərçivəsində Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı törətdiyi çoxsaylı cinayətlərin döyüş meydanında qisasının alınması demək idi. Təsadüfi deyil ki, möhtərəm Prezident Azərbaycanın mədəniyyət paytaxtının erməni tapdağından qurtulmasını Şəhidlər xiyabanından bəyan etməklə bu missiyanın uğurla və şərəflə tamamlandığını göstərdi”.

“Bu gün azad Şuşa öz tarixinin ən geniş quruculuq və bərpa prosesini yaşamaqda və əzəli, əbədi sakinlərini qəbul etməkdədir. 30 il ərzində cinayətkarların içki meydanına və vandal ideologiya ifadə edən rəqslərinə məruz qalan Cıdır düzü artıq çoxsaylı mədəni, humanitar tədbirlərlə, o cümlədən Şuşa şəhəri siyasi zirvələrlə coğrafiyamızın önəmli mədəni, siyasi nüvələrindən birinə çevrilməkdədir”,– deyə o sözlərini yekunlaşdırıb.

Ləman Sərraf


Bənzər xəbərlər