media-2204749

Taksi sifariş tətbiqlərinin geniş yayıldığı bir dövrdə sərnişinlə sürücü arasında qiymət və xidmətlə bağlı mübahisələr də artır. Bəzən sürücü proqramda göstərilən məbləğdən artıq pul tələb edir, bəzən isə sərnişini təyinat nöqtəsinə çatdırmadan yarı yolda düşürdür. Bəs belə hallarda qanun nə deyir, sürücünün və sərnişinin hüquqları necə tənzimlənir?

Bununla bağlı AR Vəkillər Kollegiyasının üzvü Şəhram Şəmmədli Patrul.az-ın sualını cavablandırıb.

Onun sözlərinə görə, tətbiqdəki qiymətdən artıq ödəniş tələb etmək və ya sərnişini yarı yolda düşürmək hüquq pozuntusu hesab oluna bilər:

“Taksi sürücüsünün sifariş zamanı tətbiqdə göstərilən məbləğdən artıq ödəniş tələb etməsi və ya sərnişini əsassız olaraq təyinat məntəqəsinə çatdırmadan yarı yolda düşürməsi qanunvericiliyin və istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Sərnişin və daşıyıcı arasında xidmət münasibəti yarandığı andan etibarən hər iki tərəfin hüquq və vəzifələri formalaşır. Sərnişin sifariş verilmiş marşrut üzrə təhlükəsiz və keyfiyyətli xidmət almaq hüququna malikdir, sürücü isə üzərinə götürdüyü daşıma öhdəliyini vicdanla və tam şəkildə yerinə yetirməlidir”.

media-media-media-media-img-20260331-wa0041-83rpyc-he86xs-4ha93f

Ş.Şəmmədli qeyd edir ki, tətbiqdə göstərilən məbləğdən artıq ödəniş tələb edilməsi yolverilməzdir və sərnişin bu barədə şikayət vermək hüququna malikdir:

“Tətbiq vasitəsilə həyata keçirilən sifarişlərdə ödəniş məbləği əvvəlcədən müəyyən edilir və sərnişin məhz həmin şərtlərə əsasən xidməti qəbul edir. Buna görə də sürücünün birtərəfli qaydada əlavə ödəniş tələb etməsi hüquqi və etik baxımdan yolverilməzdir. Belə hallarda sərnişin artıq ödəniş etməkdən imtina edə, tətbiq operatoruna şikayət verə və pozuntu ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edə bilər.

Vəkil bildirir ki, sürücünün sərnişini əsas olmadan yarı yolda düşürməsi xidmətin pozulması sayılır və bəzi hallarda inzibati və ya cinayət məsuliyyəti yarada bilər:

“Eyni zamanda, sürücünün sərnişini heç bir əsaslı səbəb olmadan təyinat yerinə çatdırmadan avtomobildən düşürməsi daşıma xidmətinin yarımçıq göstərilməsi hesab oluna bilər. Bu cür hərəkətlər xüsusilə gecə saatlarında, şəhərdənkənar ərazilərdə və ya sərnişinin təhlükəsizliyinin risk altında olduğu hallarda daha ciddi hüquqi nəticələr doğura bilər. Əgər sürücünün davranışı hədə-qorxu, təhqir, məcburetmə və ya digər qanunazidd hərəkətlərlə müşayiət olunarsa, həmin əməllər inzibati və ya bəzi hallarda cinayət məsuliyyəti məsələsini də gündəmə gətirə bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər