Heydər Əliyev prospektində təhlükəli hərəkət: Elektrik skuteri ilə avtomobillərin arasında irəlilədi - VİDEO
Patrul.az redaksiyasına videogörüntü ilə müraciət edən izləyicimiz dünən saat 16:12 radələrində Heydər Əliyev prospektində qeydə aldığı görüntüləri təqdim edib.
Videogörüntüdən görünür ki, bir nəfər şəxs elektrik skuteri ilə prospektin kənar sağ yolu boyunca, üzü Koroğlu metrostansiyası istiqamətinə tutaraq hərəkət edir. Diqqət çəkən məqam isə onun nəqliyyat axınının içərisində, avtomobillərin arasında hərəkət etməsidir.
Şikayətçinin sözlərinə görə, sürətli hərəkətin müşahidə olunduğu prospektdə bu cür davranış həm skuteri idarə edən şəxsin, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır. Belə ki, hər hansı qəfil manevr və ya sürücünün skuteri vaxtında görməməsi ağır yol-nəqliyyat hadisəsinə səbəb ola bilər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi elektrik skuterləri və digər mikromobillik vasitələrindən istifadə ilə bağlı mütəmadi maarifləndirmə işləri aparır. Nazirlik tərəfindən dəfələrlə bildirilib ki, bu nəqliyyat vasitələrini idarə edən şəxslər yol hərəkəti qaydalarına əməl etməli, avtomobil yollarında və intensiv hərəkətin müşahidə olunduğu ərazilərdə özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atmamalıdırlar. Buna baxmayaraq, bəzi hallarda qaydalara məhəl qoyulmaması ciddi təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur.






