“Bakıda keçirilən bu mötəbər tədbir ölkəmizlə əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinə töhfə verir” - DEPUTAT
İyunun 18-də Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva bu mühüm əhəmiyyət daşıyan beynəlxalq tədbirin Bakı şəhərində keçirilməsinin önəmi barədə Patrul.az-a şərh edib.
O bildirib ki, mürəkkəb qlobal konyunkturada Azərbaycan nəinki maliyyə intizamını qoruyub saxlamış, həm də iqtisadiyyatının dayanıqlılığını daha da gücləndirmişdir:
“Büdcə gəlirlərinin yarısından çoxu qeyri-neft gəlirlərinin payına düşür ki, bu da dövlət maliyyəsinin dayanıqlılığını təmin edir. İqtisadiyyatın şaxələndirilməsi prosesi uğurla davam edir.
Yüksək dəyişkənliklə xarakterizə olunan qlobal bazar şəraitində iqtisadi sabitliyi və maliyyə intizamını qoruyub saxlaması Azərbaycana beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi nüfuz qazandırmışdır.
Bu gün qeyri-neft sektorunun ÜDM-də payı 70 faizə çatır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dolları həcmində xarici investisiya cəlb olunub. Xarici dövlət borcumuz ÜDM-in cəmi 6 faizini təşkil edir. Ölkənin valyuta ehtiyatları isə xarici borcdan 20 dəfədən çoxdur. Sabit və etibarlı mühit investorlar üçün əsas prioritetlərdən biridir və Azərbaycan bu baxımdan cəlbedici ölkələr sırasındadır.
Azərbaycan İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantılarına ev sahibliyi edir. Bu, ölkəmizin 2010-cu ildən sonra ikinci dəfə belə mötəbər tədbirə ev sahibliyi etməsidir”.
Deputat, son 16 il ərzində Azərbaycanın iqtisadiyyatında böyük irəliləyişlərin əldə olunduğunu vurğulayıb:
“Azərbaycan 1992-ci ildən İslam İnkişaf Bankının üzvüdür və bu əməkdaşlıq çərçivəsində son üç onillik ərzində kənd təsərrüfatı, su ehtiyatları, enerji, nəqliyyat və maliyyə xidmətləri sahələrində 1,8 milyard ABŞ dolları həcmində inkişaf maliyyələşdirilməsi təmin edilmişdir.
Prezident İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantılarını açıq elan edərək Azərbaycanın regionlar arasında körpü rolunu oynayan, iqtisadi inkişaf, enerji təhlükəsizliyi və əlaqələndirmə sahələrində etibarlı tərəfdaş kimi artan rolunu vurğulamışdır.
Prezident İlham Əliyev bildirmişdir ki, tədbirin “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusu İslam İnkişaf Bankına üzv ölkələr arasında iqtisadi əməkdaşlığın, ticarət əlaqələrinin və infrastruktur bağlantılarının gücləndirilməsinin vacibliyini əks etdirir. Azərbaycan iqtisadiyyatını uğurla şaxələndirib, neft və qazdan asılılığı azaldaraq qeyri-enerji sektorlarının inkişafını təmin edib”.

P.Vəliyeva qeyd edib ki, Azərbaycan iri enerji infrastruktur layihələrinin təşəbbüskarı, maliyyə dəstəkçisi və icraçısı olmaqla qlobal enerji məkanında mühüm aktora çevrilmişdir:
“Qlobal təchizat zəncirlərinin həssas qaldığı bir dövrdə Azərbaycan enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir.
Son illərdə infrastruktur və bağlantı layihələrinə investisiyalar artırılır. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işlərinə dəstək illik toplantılar çərçivəsində vurğulandı. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri – innovasiyalar və enerji səmərəliliyi üzərində qurulan yeni iqtisadi model formalaşır. Sosial sahəyə böyük diqqət yetirilir. İndiyədək işğaldan azad olunmuş ərazilərin bərpasına və yenidən qurulmasına 22 milyard manatdan çox vəsait ayrılıb. Təkcə 2025-ci ildə bu istiqamətə 4 milyard manat nəzərdə tutulub. Bu il isə dövlət büdcəsindən 3,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Ümumilikdə, “Böyük Qayıdış” proqramının icra olunmasına başlanmasından 2026-cı ilin sonunadək işğaldan azad olunmuş ərazilərin bərpasına və yenidən qurulmasına 26 milyard manata yaxın vəsait sərf olunacaqdır. Ümumilikdə isə, büdcədənkənar investisiyaları da nəzərə alsaq, bu məbləğ 17 milyard ABŞ dolları təşkil edir”.
Dövlət başçımızın çıxışını xatırladan millət vəkili əlavə edib:
“Prezident İlham Əliyev Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən nəqliyyat və logistika dəhlizlərinə böyük sərmayələr yatırdığını qeyd edərək, ölkənin regional ticarət və tranzit qovşağı kimi mövqeyini gücləndirdiyini bildirmişdir.
Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, enerji təhlükəsizliyi sahəsində liderliyi, regional əlaqələndirmə təşəbbüsləri ölkədə dayanıqlı rifaha nail olmağa hədəflənib. Bakı, həmçinin, son illərdə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu xüsusda, Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun qlobal toplantısı ölkəmizlə əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinə töhfə verməklə yanaşı, Qrupa üzv dövlətlər arasında da günün reallıqlarına uyğun, əməkdaşlığı möhkəmləndirir”.
Ləman Sərraf






