Bakıxanovda 24 saat fəaliyyət göstərən avtoyuma məntəqəsindən səs-küy şikayəti - VİDEO
Patrul.az redaksiyasına videogörüntü ilə müraciət edən izləyicimiz Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, ASAN Xidmət mərkəzinin yaxınlığında yerləşən və “50 qəpik” adı ilə tanınan avtoyuma məntəqəsinin fəaliyyəti ilə bağlı narazılığını ifadə edib.
Şikayətçinin sözlərinə görə, avtoyuma məntəqəsi gecə saatları da daxil olmaqla sutkanın 24 saatı fəaliyyət göstərir. Nəticədə yüksək təzyiqli su aparatları və tozsoranların yaratdığı səs-küy ətrafda yaşayan sakinlərin rahatlığını pozur.
Müraciətdə bildirilir ki, xüsusilə gecə saatlarında davam edən səs-küy səbəbindən sakinlər normal şəkildə istirahət edə və yata bilmirlər.
Redaksiyamıza təqdim olunan videogörüntülərdə də avtoyuma məntəqəsinin gecə saatlarında fəaliyyətini davam etdirdiyi müşahidə olunur.
Sakinlər aidiyyəti qurumlardan məsələnin araşdırılmasını və ərazidə yaranmış səs-küy probleminin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini xahiş edirlər.
Patrul.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.






