"15-ci mərtəbədə belə eşidilir" - sakinlərdən Radius Təkər Mərkəzinə etiraz - VİDEO
Patrul.az qaynar xəttinə videogörüntü ilə müraciət edən vətəndaş iddia edir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2A ünvanında yerləşən “Radius Təkər” mərkəzində gecə saatlarında aparılan işlər ətrafda yaşayan sakinlərin istirahətinə mane olur.
Şikayətçinin sözlərinə görə, gecə saat 01:30 radələrində qeydə alınmış videogörüntüdə müəssisədə aparılan işlərdən yaranan səs-küyün yaxınlıqdakı yaşayış binasının 15-ci mərtəbəsində belə açıq-aşkar eşidildiyi görünür.
İddia olunur ki, sakinlərdən biri məsələ ilə bağlı “Radius Təkər” mərkəzi ilə əlaqə saxlayaraq narazılığını bildirib. Ona rəhbərlik tərəfindən geri dönüş ediləcəyi deyilsə də, şikayətçinin sözlərinə görə, bundan sonra da müəssisədə iş prosesi dayandırılmayıb.
Sakinlər hesab edirlər ki, gecə saatlarında yüksək səs-küy yaradan fəaliyyət insanların rahat istirahət hüququnu pozur və bu hal xüsusilə ətraf yaşayış binalarında yaşayan vətəndaşlar üçün ciddi narahatlıq yaradır.
Məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma apararaq qanunvericiliyin tələblərinə uyğun tədbirlər görməsi xahiş olunur.
Patrul.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.
Günay Salayeva






