“Təbii ki, ağlı yerində olan heç bir valideyn …” - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ
Azərbaycanda qızına elçi gələn bir ata oğlandan sağlamlıq haqqında arayış (venereoloji və narkotestlər) istəyib.
Bu barədə şəxsi inkişaf kouçu Gülgün Quliyevanın paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bəs belə bir tələb nə dərəcədə doğrudur? Bu addım həqiqətən haqlı və vacibdir, yoxsa ayıb?
Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən filosof, sosioloq Asif Bayramov bildirib ki, evlənmək istəyən çütlüyün valideynlərinin, bu istər oğlan, istərsə qız valideyni olsun, qarşı tərəfin fiziki və psixoloji sağlamlığı haqqında dürüst məlumat almaq istəyi qətiyyən yeni bir tələb və yaxud yeni bir yanaşma tərzi deyil:
“Bu, xalqımızın əsrlərin verdiyi acı təcrübəsindən doğan bir yanaşmasıdır və Azərbaycanın kənd rayonlarının böyük əksəriyyətində bu ənənə günümüzə qədər yaşamaqdadır. Belə ki, ailə qurmaq istəyən hər iki tərəfin valideynləri qarşı tərəfin yeddi arxa dönənindən bəri bütün nəslini-kökünü araşdıraraq onların fiziki-psixoloji, mənəvi-əxlaqi parametrlərini, göstəricilərini “ələkdən keçirirlər”. Yəni hansı tərəfdəsə ardıcıl bir-iki nəsil oxşar, təkrarlanan fiziki yaxud əqli qüsur müəyyən olunarsa, o zaman bu evlilikdən imtina olunar”.
Dəfələrlə bu tipli faktların həm şahidi, həm iştirakçısı olduğunu söyləyən müsahibimiz bu şüurun Azərbaycan ailə institunun qədim və mükəmməl modellərindən biri olduğunu və onun təməlində xalqımızın əsrlərlə topladığı mükəmməl sosial təcrübənin dayandığını vurğulayıb:
“Sadəcə, günümüzün sürətlə dəyişən reallıqları fonunda bu model transformasiya olunaraq yeni şəkil alır. Yəni indi “yeddi arxa dönəni” araşdırmaq üçün artıq müasir tibbin bir çox imkanları bizə yardım edir. Bu gün qız valideynləri tərəfindən oğlan haqqında venereoloji və narkotestlərin tələb olunması əslində mahiyyətcə ənənəvi milli ailə modelimizdə yeddi arxa dönənin araşdırılması faktı ilə eyni istəkdən doğur, yəni evliliklə bağlı iddia qaldıran subyekt fiziki və psixoloji cəhətdən sağlam olmalıdır. Ancaq müqayisə aparsaq, ənənəvi milli ailə modelimizin tələbləri, haqqında indi bəhs etdiyimiz tələblərdən daha sərtdir. Çünki orada yalnız fiziki sağlamlıq deyil, əqli, mənəvi-psixoloji, əxlaqi sağlamlıqlar da xüsusi tələb kimi nəzərdə tutulur”.

A.Bayramovun sözlərinə görə, digər tərəfdən, bu tələb, bu narahatçılıq valideynin hansısa pis niyyətindən deyil, olduqca xoş məramından qaynaqlanır:
“Təbii ki, cəmiyyət adət etmədiyi yeni qaydalara qarşı ilk mərhələdə mühafizəkar və qismən aqressiv olur. Ancaq dəyişən reallıqlar sosial-mənəvi məsələlərə yanaşmaların da dəyişdirilməsini zəruri, bəzi hallarda isə qaçılmaz edir. Təbii ki, biz cəmiyyət olaraq bu dəyişmədə təzahür edə bilən mənfi və zərərli tendensiyaların qarşısını anında almalıyıq yaxud bu bizim ən ümdə borcumuz olmalıdır. Ancaq sözsüz ki, bu tipli sualların həllində dövlətin dəstəyi olmadan cəmiyyətin uğur qazanmaq şansları xeyli aşağıdır. Ona görə hər cür inkişafda təzahür edən faydalı və müsbət tendensiyaları toplumun ümumi dəyərinə çevirmək üçün hakimiyyət daha çevik və operativ qərarlar verə bilmək iqtidarında olmalıdır. Çünki tarixi təcrübə sübut edir ki, səmimi dövlət və cəmiyyət tandeminin mövcud olduğu mühit həmişə daha uğurlu və etibarlı olub”.
Həmsöhbətimiz ünvanladığımız suallara cavab olaraq qeyd edib ki, ağlı yerində olan heç bir valideyn özünün sağlam övladını fiziki-mənəvi sağlamlığı şübhəli olan bir insana etibar etməz və bu onun təbii haqqıdır:
“Bütün bu tipli problemlərin həlli üçün isə cəmiyyətdə yeni reallıqlara uyğun etibarlı bir modelin formalaşdırılmasına ehtiyac var və misalımızdakı tələb (qız atasının oğlanın fiziki-psixoloji sağlamlığı haqqında tibbi sənəd tələb etməsi) bu modelin elementlərindən biridir.
Bu tipli tələblər cəmiyyətin ailə institunu tənzimləyən əxlaq normaları ilə nəinki ziddiyət təşkil edir, əksinə bu institutun daha etibarlı və sağlam olmasını hədəfləyir. Bu gün cəmiyyətimizin sağlam düşünə bilən hər bir üzvünün qarşısında duran tarixi missiyalardan biri də, bizi bir toplum olaraq əsrlərin keşməkeşlərindən sağ-salamat və üzüağ çıxartmış ailə institumuzu qorumaq və yeni qlobal çağırışlar qarşısında onu təkmilləşdirməkdir”.
Ləman Sərraf






