media-istockphoto-543082622-612x612

Müasir dövrdə texnologiya həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnsanlar, xüsusilə də gənclər, günün böyük hissəsini telefonda – sosial şəbəkələrdə, mesajlarda və müxtəlif tətbiqlərdə keçirirlər. Telefon artıq təkcə ünsiyyət vasitəsi deyil, həm də əyləncə və informasiya mənbəyinə çevrilib. Bəs,bu vəziyyət psixoloji baxımdan nədən qaynaqlanır və niyə telefonu əlindən qoymaq bu qədər çətindir?

Bu barədə psixoloq Nizami Orucov Patrul.az-a açıqlamasında bildirib ki,insanların, xüsusilə də gənclərin telefondan asılılığı emosional tarazlıq və əlaqə ehtiyacını kompensasiya etmə cəhdindən qaynaqlanır:

“Müasir dövrdə insanların, xüsusilə də gənclərin telefondan uzaq qala bilməməsi, məncə, təkcə texnologiyadan asılı olmaqla bağlı deyil. Bu hal daha çox emosional tarazlığı qorumaqda çətinlik çəkmək və əlaqə ehtiyacı hissi ilə bağlıdır.Telefon və sosial şəbəkələr insanda daim “əlaqədə olmaq” hissi yaradır. Bildirişlər, mesajlar və paylaşımlar bizdə xoş duyğular oyadır, çünki beyin bu zaman dopamin ifraz edir. Bu da bizə qısa müddətli rahatlıq və məmnunluq verir. Beyin bu hissi yenidən yaşamaq istədiyi üçün, insan istər-istəməz telefonu tez-tez yoxlamağa meylli olur”.

media-20240305103506

N. Orucov telefon müasir insanda emosional yaxınlıq və aid olma ehtiyacını virtual formada təmin edən vasitəyə çevrildiyini vurğulayıb:

“Psixoloji tərəfdən baxanda, telefon bir növ emosional tənzimləyici funksiyanı yerinə yetirir. İnsan real həyatda öz duyğularını daşımaqda və ifadə etməkdə çətinlik çəkəndə, sosial mediaya yönəlir. Orada diqqət görmək, təsdiq almaq və özünü ifadə etmək daha asan gəlir. Lakin bu proses çox vaxt səthi bir doyum yaradır və insanın dərin emosional əlaqə ehtiyacını tam qarşılamır. Məhz buna görə, telefonu bir kənara qoymaq bəzən çox çətin olur. Çünki telefon vasitəsilə insan özünü daha “görülən”, “eşidilən” və “hamının marağında olan” biri kimi hiss edir. Əslində, bu hal müasir insanın emosional yaxınlığa, aid olma hissi və mənalı əlaqəyə olan ehtiyacının yeni formada təzahürüdür”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər