media-inshot_20260522_180635109

Telefonların mikrofonlarının bizi gizli şəkildə dinlədiyi barədə iddialar çox vaxt gündəlik təcrübələrimizlə üst-üstə düşən “təsadüfi uyğunluqlar” səbəbilə daha inandırıcı görünür. Xüsusilə sosial şəbəkələrdə gördüyümüz reklamların danışdıqlarımızla uyğun gəlməsi insanlarda şübhə və narahatlıq yaradır.

Bəs bu vəziyyət niyə insanlarda “dinlənilirəm” hissini gücləndirir və psixoloji olaraq bu təsəvvür necə formalaşır?

Bu barədə psixoloq Nizami Orucov Patrul.az-a öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, “telefon məni dinləyir” hissi, beynin təsadüfi uyğunluqları əlaqələndirib seçici diqqət və təsdiqləmə meyli ilə onları dinlənilmə kimi qavramasından yaranır:

“İnsanların “telefon məni dinləyir” hissinə düşməsinin əsas səbəblərindən biri beynin diqqət və məna əlaqələri qurma xüsusiyyətidir. İnsan beyni təsadüfləri belə əlaqələndirməyə meyillidir. Məsələn, bir mövzu haqqında danışdıqdan qısa müddət sonra həmin mövzu ilə bağlı reklam görmək insanda avtomatik olaraq “deməli məni dinləyirlər” düşüncəsi yaradır.

Psixologiyada buna selektiv diqqət və təsdiqləmə meyli deyilir. İnsan müəyyən bir şeyə fokuslandıqda onu ətrafda daha çox görməyə başlayır. Əslində həmin reklamlar əvvəllər də qarşısına çıxmış ola bilər, sadəcə diqqət etmirdi. Amma mövzu artıq beynində aktiv olduğu üçün bunu dərhal fərq edir və yadda saxlayır”.

media-inshot_20260522_180032395

N.Orucova qeyd edir ki, “dinlənilirəm” hissi, alqoritmlərin davranışlarımızı dəqiq proqnozlaşdırması və görünməyən texnologiyalara qarşı nəzarət itkisindən yaranan psixoloji narahatlıqla güclənir:

“Digər tərəfdən, rəqəmsal platformalar insanların davranışları haqqında çox geniş məlumat toplayır. Axtarışlar, izlənilən videolar, bəyənmələr, lokasiya və maraq dairələri əsasında alqoritmlər insanın nə ilə maraqlana biləcəyini yüksək dəqiqliklə təxmin edə bilir. Bu da bəzən insanlarda “məni dinləyirlər” hissini daha da gücləndirir.

Psixoloji olaraq isə insan gündəlik həyatında görünməyən və tam başa düşmədiyi texnologiyalar qarşısında nəzarəti itirdiyini hiss etdikdə şübhə və narahatlıq artır. “Dinlənilirəm” hissi bir növ şəxsi sərhədlərin pozulması qorxusu ilə əlaqəlidir. Xüsusilə informasiya dövründə insanlar özəl həyatlarının nə qədər görünən olduğuna dair daha həssas olublar”.

Psixoloqun sözlərinə görə, bu hiss həm texnologiyanın topladığı məlumatların dəqiqliyindən, həm də beynin təsadüfi uyğunluqları səbəb-nəticə kimi qəbul etmə meylindən yaranır:

“Bəzi insanlarda bu düşüncə normadan artıq olduqda davamlı izlənilmə hissi, güvənsizlik və narahatlıq yarada bilər. Amma əksər hallarda bu, beynin təsadüfləri əlaqələndirməsi və alqoritmlərin insan davranışını uğurla təxmin etməsi ilə bağlıdır.

Yəni bu hiss həm texnologiyanın məlumat toplama gücündən, həm də insan beyninin diqqət və əlaqə qurma mexanizmindən yaranır. İnsan beyni gördüyü uyğunluqları təsadüf kimi yox, səbəb-nəticə əlaqəsi kimi qəbul etməyə daha meyllidir”.

­Cəmilə Cəfərzadə


Bənzər xəbərlər