media-inshot_20260519_195538395

Son dövrlər mobil telefonlara “cəriməniz var”, “ödənişi gecikdirirsiniz”, “əlavə rüsum hesablanacaq” kimi məzmunlu SMS-lərin göndərilməsi halları artıb. Mütəxəssislər xəbərdarlıq edir ki, bu cür mesajların əksəriyyəti vətəndaşların şəxsi və bank məlumatlarını ələ keçirmək məqsədi daşıyan kiberdələduzluq üsuludur.

Bəs vətəndaşlar saxta link və mesajları necə ayırd edə, belə hallardan qorunmaq üçün hansı addımları atmalıdır?

Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Elnur Atayev Patrul.az-a açıqlamasında bildirib ki, bu cür kiberdələduzluğun əsas məqsədi insanlarda qorxu və tələskənlik yaradaraq onları saxta linklər vasitəsilə şəxsi və bank məlumatlarını paylaşmağa vadar etməkdir:

“Dələduzlar tərəfindən göndərilən “ödənişi gecikdirirsiniz, əlavə rüsum hesablanacaq” tipli SMS-lər əsasən sosial mühəndislik hücumlarına aiddir. Bu hücumların məqsədi istifadəçidə qorxu və təcili reaksiya yaradaraq onu düşünmədən saxta linkə yönləndirməkdir. Vətəndaşlar ilk növbədə belə mesajlara emosional deyil, analitik yanaşmalıdırlar. Ən vacib qayda odur ki, heç bir rəsmi qurum SMS vasitəsilə istifadəçidən kart məlumatları, CVV kodu və ya birdəfəlik təsdiq kodu tələb etmir. Əgər mesajda bu cür tələb və ya link varsa, yüksək ehtimalla bu kiberdələduzluqdur”.

E.Atayev qeyd edir ki, saxta linklərdən qorunmaq üçün vətəndaşlar SMS-lə göndərilən keçidlərə deyil, yalnız rəsmi sayt və tətbiqlərə etibar etməlidirlər:

“Digər mühüm məqam linklərin yoxlanılmasıdır. Saxta saytlar çox vaxt rəsmi domenlərə bənzədilir, lakin kiçik fərqlərlə hərf dəyişiklikləri, əlavə simvollar və s. fərqlənir. İstifadəçilər heç vaxt SMS-lə gələn linkə birbaşa daxil olmamalı, əvəzində rəsmi tətbiq və ya sayt üzərindən məlumatı özləri yoxlamalıdırlar. Bu tip hücumlarda psixoloji təsir çox güclüdür. “Təcili ödəniş edin”, “hesabınız bloklanacaq” kimi ifadələr insanı tələsdirərək məntiqi qərar verməyə imkan vermir. Halbuki kibertəhlükəsizlikdə ən vacib müdafiə mexanizmlərindən biri məhz tələsməmək və məlumatı başqa kanallardan dəqiqləşdirməkdir”.

media-img-20260424-wa0036-1

Mütəxəssisin sözlərinə görə, istifadəçi saxta linkə məlumat daxil edibsə, dərhal banka müraciət edib kartı bloklamalı və şübhəli əməliyyatları izləməlidir:

“Texniki baxımdan isə vətəndaşların cihazlarında təhlükəsizlik yeniləmələrinin aktiv olması, iki faktorlu autentifikasiyadan istifadə edilməsi və bank bildirişlərinin qoşulu saxlanılması əlavə qoruma qatları yaradır. Əgər istifadəçi artıq belə linkə daxil olub və məlumat daxil edibsə, dərhal bankla əlaqə saxlanmalı, kart bloklanmalı və şübhəli əməliyyatlar izlənməlidir. Ümumilikdə bu hücumlar texniki baxımdan deyil, insan davranışının manipulyasiyası üzərindən qurulur. Buna görə də rəqəmsal maarifləndirmə və diqqətli istifadə ən effektiv müdafiə vasitəsidir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər