Ticarət mərkəzinin məşhur pişiyinin əşyaları oğurlandı - heyvansevərlər reaksiya verdi - VİDEO
Türkiyənin İstanbul şəhərində yerləşən Kanyon ticarət mərkəzində yaşayan və ziyarətçilərin “maskot pişik” adlandırdığı küçə pişiyi qeyri-adi bir hadisə ilə gündəmə gəlib.
Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, pişiyin ticarət mərkəzinin ərazisində yerləşdirilmiş yatağı, yem qabı, su qabı və digər əşyaları naməlum şəxslər tərəfindən oğurlanıb.
Hadisə heyvansevərlər arasında ciddi narazılıq yaradıb. Təhlükəsizlik kameralarında olayla bağlı aydın görüntülər olmadığı üçün əşyaları kimin götürdüyü müəyyən edilməyib. Ticarət mərkəzinə gələn bir çox insan sosial şəbəkə paylaşımlarında pişiyə qarşı göstərilən bu laqeyd və insani olmayan davranışı sərt şəkildə tənqid edib.
Əşyaları oğurlandıqdan sonra pişiyin vəziyyəti ilə bağlı yayılan son görüntülər sosial mediada geniş marağa səbəb olub. Ticarət mərkəzinin ziyarətçiləri pişiyə yeni yataq, yem və su qabları gətirərək ona dəstək olublar. Mərkəzin əməkdaşları və heyvansevərlər pişiyin rahatlığı üçün əlavə qayğı göstərməyə başlayıblar.
Hadisə qısa müddətdə sosial şəbəkələrdə trendə çevrilib və “Kanyon pişiyi” adı ilə minlərlə paylaşım edilib. Ticarət mərkəzinə gələn insanlar pişiyi görmək və onunla şəkil çəkdirmək üçün xüsusi maraq göstərirlər.
Hazırda pişik ticarət mərkəzinin ərazisində qorunur və ziyarətçilərin diqqəti ilə gündəlik həyatına davam edir. Hadisə isə bir daha heyvanlara qarşı məsuliyyət və qayğı mövzusunu ictimai müzakirəyə çıxarıb.






