media-inshot_20260116_191833530

2026-cı ilin yanvar ayında “TikTok”. platformasında söyüş və nalayiq ifadələrin istifadəsi ilə bağlı ciddi qanunvericilik tənzimləməsi tətbiq edildi. Yeni qaydalara əsasən, istifadəçilər videolarda və şərhlərdə hər hansı formada təhqiramiz, nalayiq və ya söyüş xarakterli ifadələr işlədə bilməzlər. Bu addım sosial şəbəkələrdə etik davranışın qorunması və gənc istifadəçilərin qorunması məqsədilə atılıb.

Bu qaydanı pozan istifadəçiləri hansı növ cəzalar gözləyir?

Bu barədə hüquqşünas Rüstəm Əzimzadə Patrul.az-a açıqlamasında bildirib ki, 2026-cı ilin yanvarından etibarən Azərbaycan qanunvericiliyində edilən dəyişikliklər “TikTok” və digər rəqəmsal platformalarda etik davranışları hüquqi məsuliyyət çərçivəsinə salıb:

“Rəqəmsal mühitdə, xüsusilə “TikTok” kimi geniş auditoriyaya malik platformalarda etik normaların qorunması məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyində əhəmiyyət kəsb edən ən son dəyişikliklər artıq rəsmi şəkildə qüvvəyə minmişdir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa 2026-cı ilin yanvar ayından tətbiq edilən yeni maddə internet resurslarında nümayiş etdirilən davranışların hüquqi çərçivəsini kəskin şəkildə müəyyənləşdirmişdir. Bu dəyişiklik virtual məkanda yol verilən neqativ halların qarşısının alınması üçün dövlətin hüquqi mexanizmlərini daha da təkmilləşdirmiş və hər bir istifadəçinin üzərinə ciddi məsuliyyət qoymuşdur”.

media-inshot_20260116_192141342

R. Əzimzadə bildirib ki, virtual məkanda ictimai mənəviyyata zidd olan söz, jest və vizual ifadələr qanunla qadağandır. Onun sözlərinə görə, bu cür hərəkətlər İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsinə əsasən qanunsuz hesab olunur və cərimə və ya inzibati həbs kimi cəzalarla nəticələnə bilər:

“Qanunvericiliyə əlavə edilmiş 13-2.3.6-1-ci maddəyə əsasən, artıq internet məkanında kütləvi şəkildə nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi birbaşa qanun pozuntusu hesab olunur. Bura təkcə şifahi şəkildə səsləndirilən əxlaqsız ifadələr və söyüşlər deyil, həmçinin belə bir təəssürat yaradan qeyri-etik jestlərin edilməsi, yaxud insan bədəninin müəyyən hissələrinin milli-mənəvi dəyərlərə və ümumi qəbul edilmiş əxlaq normalarına zidd formada göstərilməsi də daxildir. Beləliklə, qanunverici orqan virtual məkanda yalnız sözlə deyil, həm də vizual və jestikulyar vasitələrlə törədilən qeyri-etik hərəkətləri qadağan olunmuş informasiyalar kateqoriyasına aid etmişdir.

Bu hüquqi qadağaların pozulması birbaşa olaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq sanksiyalarını aktivləşdirir. İnformasiya ehtiyatında yayılması qadağan edilən belə məlumatların yerləşdirilməsi İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi ilə tənzimlənir ki, bu da şəxsin həm maddi, həm də azadlıq hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilər. Qanunun tələblərini pozaraq “TikTok” və digər sosial şəbəkə platformasında canlı yayımlar və ya videolar vasitəsilə ictimai mənəviyyatı təhqir edən şəxsləri beş yüz manatdan min manatadək məbləğdə cərimə və ya işin xüsusiyyətlərindən asılı olaraq bir ayadək müddətə inzibati həbs cəzası gözləyir”.

Hüquqşünasın sözlərinə görə, sosial şəbəkə istifadəçiləri paylaşdıqları kontentə görə qanuni məsuliyyət daşıyır:

“Hüquqi nöqteyi-nəzərdən yanaşdıqda, qanunvericilikdə edilən bu spesifik dəyişiklik o deməkdir ki, artıq hər bir TikTok və ya digər sosial şəbəkə istifadəçisi paylaşdığı kontentin məzmununa görə qanun qarşısında tam cavabdehdir. Virtual məkanda edilən istənilən ədəbsiz hərəkət və ya səsləndirilən söyüş real həyatda ictimai yerdə törədilmiş hüquqazidd hərəkətə bərabər tutulur. Beləliklə, rəqəmsal platformalar artıq nəzarətsiz bir zona deyil, dövlətin informasiya təhlükəsizliyi və ictimai mənəviyyatla bağlı qanunlarının birbaşa tətbiq edildiyi sahədir. Vətəndaşlar dərk etməlidir ki, virtual sərbəstlik başqa şəxslərin hüquqlarını və cəmiyyətin mənəvi dəyərlərini tapdalamaq üçün əsas verə bilməz və qanunun ən son redaksiyası bu cür hallara qarşı kifayət qədər sərt hüquqi maneələr formalaşdırmışdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər