"TikTok"da yayılan açıq-saçıq videolara cərimələr tətbiq oluna bilərmi? - Hüquqşünasdan CAVAB
Son günlər sosial şəbəkələrdə, xüsusilə də “TikTok”da açıq-saçıq və bədən nümayiş etdirən videoların artması cəmiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Bir çoxları belə paylaşımların hüquqi tərəfinin necə tənzimləndiyini və bunun qanun qarşısında hansı məsuliyyətlər doğurduğunu maraq edir.
Bəs Azərbaycan qanunvericiliyinə görə bu cür videoları paylaşan şəxsləri hansı hüquqi məsuliyyət gözləyir?
Bu barədə hüquqşünas Babək Umudov Patrul.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyində sosial şəbəkədə açıq-saçıq videolar paylaşmağa görə birbaşa cərimə və ya cinayət məsuliyyəti nəzərdə tutulmur:
“Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində sosial şəbəkələrdə açıq-saçıq geyimdə bədənini nümayiş etdirən videoların paylaşılmasına görə birbaşa inzibati və ya cinayət məsuliyyəti nəzərdə tutulmur. İnzibati Xətalar Məcəlləsində media subyektləri tərəfindən sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği və ya reklamı halları üçün cərimələr nəzərdə tutulsa da, açıq-saçıq geyimdə şəxsi videoların paylaşılması bu kateqoriyaya aid edilmir və belə bir əmələ görə konkret məsuliyyət norması müəyyən edilməyib. Yalnız xüsusi peşə sahibləri (məsələn, təhsilverənlər və ya dövlət qulluqçuları) üçün etik davranış qaydaları pozulduqda intizam məsuliyyəti tətbiq oluna bilər, lakin bu, ümumi vətəndaşlara şamil edilmir. Praktikada, belə paylaşımlar yalnız digər şəxslərin hüquqlarını pozarsa və ya ictimai asayişə ciddi təhlükə yaratsa, əlavə hüquqi tədbirlər görülə bilər”.
Hüquqşünasın sözlərinə görə ,layihəyə görə belə videolara 500–2000 manat cərimə və inzibati həbs nəzərdə tutulur:
“Ancaq qeyd edilən əxlaq normalarına zidd videoların paylaşılmasına görə hazırda qanunvericiliyə dəyişikliklərin qəbulu gözlənilir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin “xırda xuliqanlıq” maddəsinə əlavə olunması planlaşdırılan yeni hissələr müzakirəyə çıxarılıb. Qanun layihəsi Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu ilə İnsan Hüquqları Komitələrinin birgə iclasında təqdim edilib. Sənəddə qeyd olunur ki, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 30 günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Bundan başqa, bu xətanın, qərarın qüvvəyə mindiyi tarixdən etibarən bir il ərzində eyni şəxs tərəfindən təkrar törədilməsi 1000 manatdan 2000 manatdək cərimə ilə nəticələnəcək. Həmçinin halların ağırlığından irəli gələrək tədbirlərin yetərli sayılmadığı vəziyyətlərdə bir aydan iki ayadək inzibati həbs tətbiq edilə biləcək”.
Cəmilə Cəfərzadə






