media-711988

Son dövrlərdə qlobal və yerli bazarlarda müşahidə olunan qiymət artımları toy xərclərinə də birbaşa təsir göstərib. İndi bir günlük şənlik bir çox ailə üçün aylarla, bəzən isə illərlə davam edən borc öhdəlikləri və maliyyə sıxıntıları deməkdir. Toy bitdikdən sonra yaranan xərclər yeni qurulan ailənin və onların valideynlərinin büdcəsinə uzunmüddətli mənfi təsir göstərirmi, yoxsa bu xərcləri kompensasiya etmək mümkündür? Toy etmək ziyan, yoxsa qazanc sayılır?

Patrul.az mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin fikirlərini öyrənib.

O bildirib ki, son illərdə qiymət artımları toy mərasimlərinin xərcini əhəmiyyətli dərəcədə yüksəldib:

“Şadlıq sarayı, foto və video xidmətləri, bəzək, geyim, musiqi və digər xidmətlərin bahalaşması nəticəsində toy büdcələri əvvəlki illərlə müqayisədə daha böyük məbləğlər tələb edir. Bu isə bir çox ailələrin əlavə borclanmasına və ya uzun müddət yığım etməsinə səbəb olur.

Toydan sonra yaranan maliyyə yükü xüsusilə kredit hesabına təşkil olunan mərasimlərdə daha çox hiss edilir. Belə hallarda yeni ailə və valideynlər aylarla, bəzən isə illərlə bu xərclərin təsirini büdcələrində hiss edə bilirlər. Digər tərəfdən, qonaqlar tərəfindən təqdim edilən hədiyyələr və pul vəsaitləri müəyyən hissədə xərcləri kompensasiya edə bilər. Lakin bu, adətən bütün xərclərin tam ödənilməsi anlamına gəlmir və nəticə toyun miqyasından, qonaq sayından və çəkilən xərclərdən asılı olur”.

media-img-20260608-wa0129

A.Nəsirli iqtisadi baxımdan toyu gəlir gətirən tədbir kimi qiymətləndirməyin düzgün olmadığını vurğulayıb:

“Toy ilk növbədə sosial və ailəvi mərasimdir. Xərclər imkanlara uyğun planlaşdırıldıqda və borclanmadan həyata keçirildikdə ailə büdcəsinə ciddi mənfi təsir göstərməyə bilər. Lakin həddindən artıq dəbdəbəli və yüksək xərcli mərasimlər sonradan maliyyə çətinlikləri yarada bilər. Buna görə də mütəxəssislər toy büdcəsinin ailənin real maliyyə imkanlarına uyğun qurulmasını daha məqsədəuyğun hesab edirlər”.

Ləman Sərraf


Bənzər xəbərlər