media-136243

Məktəb, hazırlıq kursları və ev tapşırıqları səbəbindən bəzi uşaqlar günün böyük hissəsini dərs oxumaqla keçirir. Mütəxəssislər bildirirlər ki, həddindən artıq akademik yüklənmə uşaqların sosial bacarıqlarına, emosional vəziyyətinə və ümumi inkişafına təsir göstərə bilər.

Bəs uşaqların gün ərzində 10-12 saatını dərs oxumaqla keçirməsi onların sosiallaşmasına və psixologiyasına necə təsir edir? Bu cür rejim gələcəkdə robotlaşmış bir nəsil formalaşdırmır ki? 

Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Patrul.az-a açıqlamasında bildirib ki, uşaqlıq yalnız dərs və qiymətlərdən ibarət deyil, sosiallaşmaq, oynamaq və həyat təcrübəsi qazanmaq da sağlam inkişafın vacib hissəsidir: 

“Bilirsiniz, biz bu gedişlə uşaq deyil, imtahan maşını yetişdiririk. Vallah, bəzən valideynlərə, müəllimlərə baxıram, elə bil uşaqları böyütmürük, yarış atı kimi qaçışa hazırlayırıq. Bir uşağın gününün 10-12 saatını kitabın, dəftərin başında keçirməsi nə deməkdir? Böyük adam gedib zavodda 8 saat işləyəndə axşam evə gəlib canını tapşırır, biz isə bu yükü bir uşağın, yeniyetmənin çiyinlərinə qoyuruq.

Sonra da oturub təəccüblənirik ki, bu uşaq niyə belə asan əsəbiləşir, niyə otağından çölə çıxmır, niyə bizimlə iki kəlmə kəsmək istəmir. Necə kəssin axı? Uşağın qanını-canını soruruq o dərslərlə. Həyat təkcə 700 bal toplamaqdan, ya da attestatda “beş” almaqdan ibarət deyil. Bu uşaq nə vaxt həyətə çıxıb yıxılacaq, dizini qanadacaq, dostu ilə dalaşıb sonra barışacaq, insan tanımağı öyrənəcək?”.

media-37949

Ə. Həsənli qeyd edir ki, həddindən artıq dərs yükü uşaqların akademik biliklərini artıra bilər, lakin sosial bacarıqlarının və emosional inkişafının geri qalması riskini də yaradır:

“Biz onları cəmiyyətdən, real həyatdan təcrid edirik, salırıq dörd divarın arasına, ancaq “oxu” deyirik.

Bəli, tamamilə doğrudur, biz öz əlimizlə robotlaşmış, hisslərdən uzaq bir nəsil yetişdiririk. Robot nə edir? Verilən əmri yerinə yetirir, proqramı mükəmməl bilir, amma ürəyi yoxdur, duyğusu yoxdur, çətinə düşəndə yaradıcı bir çıxış yolu tapa bilmir. Sabah bu uşaqlar böyüyüb universitet bitirəcəklər, hamısının əlində qəşəng diplomlar olacaq. Amma insanlarla ünsiyyət qura bilməyəcəklər, kollektivdə işləməyi bacarmayacaqlar, çünki sosiallaşmağı, bölüşməyi öyrənməyiblər”.

Təhsil ekspertinin sözlərinə görə,texnologiya məlumatı insandan daha sürətli tapa bilər, amma yaradıcılıq, empatiya və insanlıq kimi keyfiyyətlər yalnız sağlam inkişaf etmiş fərdlərdə formalaşır:

“Bu gün divardan asılan o diplomlar, imtahandakı yüksək ballar süni intellektin, kompüterlərin qarşısında dəyərini itirir. Çünki texnologiya o məlumatları uşaqdan daha tez tapır. Bəs uşağı fərqli edən nədir? Onun yaradıcılığı, xarakteri, insanlığı! Biz uşaqların beynini faktlarla doldurub, ruhunu ac qoyuruq. Təhsil lazımdır, mütləqdir, amma uşaqlığı, sağlam psixologiyanı qurban vermək bahasına yox. Balansı qaçırtmışıq və vaxtında ayılmasaq, gələcəkdə savadlı, amma bədbəxt və robot kimi soyuq bir cəmiyyətlə baş-başa qalacağıq”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər