Tramp: "İran razılığa gələnə qədər dəniz blokadası davam edəcək"
“İran ABŞ-nin nüvə proqramı ilə bağlı narahatlıqlarını aradan qaldıracaq bir razılaşma əldə edənə qədər onu dəniz blokadası altında saxlayacağıq”.
Patrul.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Axios”a müsahibəsində deyib.
Prezident dəniz blokadasını hərbi müdaxilədən daha effektiv strategiya hesab etdiyini vurğulayıb:
“Blokada bombardmandan bir qədər daha təsirlidir. Onlar doldurulmuş donuz kimi boğulurlar. Və bu, onlar üçün daha pis olacaq. Onların nüvə silahı ola bilməz”.
Tramp İranın nüvə danışıqlarını təxirə salmaq müqabilində Hörmüz boğazının açılması və blokadanın qaldırılması ilə bağlı təklifini qətiyyətlə rədd etdiyini bildirib:
“Onlar barışmaq istəyirlər. Onlar mənim blokadanı saxlamağımı istəmirlər. Mən blokadanı qaldırmaq istəmirəm, çünki onların nüvə silahına sahib olmasını istəmirəm”, – deyə Tramp əlavə edib.
ABŞ Prezidenti blokada səbəbindən İranın neft ixrac edə bilmədiyini və ölkənin neft anbarları ilə boru kəmərlərinin “partlayış həddinə” çatdığını iddia edib.
Xatırladaq ki, Tramp bu açıqlamasından əvvəl özünün “Truth” sosial platformasında əlində silah tutduğu süni intellektlə hazırlanmış bir mem paylaşıb və onun üzərində İrana xəbərdarlıq, həmçinin “Artıq cənab gözəl oğlan yoxdur” şüarı yer alıb.






