Tramp İrana qarşı hərbi variantdan danışdı: “Bəlkə də daha biri yoldadır”
ABŞ Prezidenti Donald Tramp İrana doğru hərəkət edən ikinci bir təyyarədaşıyan zərbə qrupunun, eləcə də əlavə döyüş gəmiləri və təyyarələrin göndərilməsinin mümkünlüyünü açıqlayıb.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bunu İranla danışıqların ikinci mərhələsi ərəfəsində, nüvə məsələsinin həll olunmayacağı təqdirdə Tehrana qarşı hərbi əməliyyatların qaçılmaz ola biləcəyini bildirərkən deyib.
“Orada artıq bir donanmamız var, bəlkə də daha biri yoldadır”, – deyə Tramp ABŞ-nin bölgədəki hərbi mövcudluğunun miqyasını vurğulayıb.
ABŞ Prezidenti həmçinin İranın İsraillə baş verən 12 günlük müharibədən əvvəlki dövrlə müqayisədə hazırda Vaşinqtonla danışıqlara daha çox maraq göstərdiyini qeyd edib. Trampın sözlərinə görə, Tehranın bu mövqeyi ABŞ-nin hərbi müdaxilə ehtimalına inanması ilə bağlıdır.
“Bunlar əvvəlkindən tamamilə fərqli insanlardır. Əvvəlki təmaslarda onlar mənim hücum edəcəyimə inanmırdılar və böyük riskə getmişdilər. Amma indi daha çox çeviklik nümayiş etdirirlər”, – deyə Tramp əlavə edib
Xatırladaq ki, fevralın 6-dan etibarən Omonun paytaxtı Məsqət şəhərində ABŞ və İran arasında nüvə danışıqlarına start verilib. Danışıqların ikinci mərhələsinin isə baş tutacağı gözlənilir.
Gülbəniz Səfərova






