Tramp: "Onlar qısa müddət istədilər, çünki razılığa gəlməyə çox yaxın olduqlarına inanırlar"
ABŞ Prezidenti Donald Tramp İrana qarşı planlaşdırılan genişmiqyaslı hərbi hücumun müvəqqəti olaraq dayandırıldığını elan edib.
Patrul.az xəbər verir ki, Ağ Ev rəhbəri bu qərarın regional müttəfiqlərin müraciəti əsasında verildiyini bildirib.
Məlumata görə, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) başda olmaqla Körfəz ölkələri Vaşinqtona rəsmi müraciət edərək hərbi əməliyyatların başlanmasının 2-3 gün müddətinə təxirə salınmasını xahiş ediblər.
Körfəz ölkələrinin rəsmiləri diplomatik kanallar vasitəsilə aparılan danışıqların artıq yekun mərhələyə çatdığını bildiriblər. Region dövlətləri tərəflərin genişmiqyaslı hərbi münaqişədən yayınmaq üçün mühüm kompromis sənədinə çox yaxın olduqlarını vurğulayıblar.
Məsələ ilə bağlı vəziyyəti şərh edən Donald Tramp regional vasitəçilik prosesinin detallarını açıqlayıb:
“Onlar məndən hücumu cəmi bir neçə gün gecikdirməyi istədilər. Çünki hazırda hər iki tərəfin qəbul edə biləcəyi ortaq məxrəcə çox az qalıb”.
Buna baxmayaraq, Ağ Ev Tehrana qarşı tələblərində güzəştə getmək niyyətində olmadığını nümayiş etdirir. Prezident Tramp İranın nüvə silahı iddialarından tamamilə imtina etməsini və uranın zənginləşdirilməsi proqramının dayandırılmasını ehtiva edən öhdəliklərin mütləq şəkildə yazılı bəyanat formasında təqdim edilməli olduğunu vurğulayıb.
Vaşinqton hər hansı şifahi razılaşmanı qəbul etmir və regionda uzunmüddətli təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq hüquqi qüvvəyə malik rəsmi sənədin imzalanmasını əsas şərt kimi irəli sürür.
Qeyd edək ki, Tramp regional müttəfiqlərin xahişini nəzərə alaraq İrana qarşı zərbə planını müvəqqəti dondursa da, ABŞ ordusuna diplomatik danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə istənilən an hərəkətə keçmək və hərbi əməliyyatlara başlamaq üçün tam döyüş hazırlığı əmri verilib.






