Trosları sıradan çıxan lift sakinləri ciddi şəkildə narahat edir - VİDEO
Binəqədi rayonu, Azadlıq prospekti 189, blok 8 ünvanında yaşayan sakinlər artıq iki aydır ki, liftdə ciddi problemlərlə üzləşirlər.
Patrulaz.az-a verilən məlumata görə, lift tamamilə yararsız vəziyyətdədir, trosları sıradan çıxıb və müəyyən mərtəbələrdə titrəyərək təhlükəli vəziyyət yaradır.
Sakinlər bildirir ki, problem barədə dəfələrlə qaynar xəttə məlumat verilib. Lakin aidiyyati qurumlar ya ümumiyyətlə baxmır, ya da müvəqqəti təmir edərək vəziyyəti həll olunmuş kimi göstərirlər. Təmir edildikdən cəmi on dəqiqə sonra lift yenidən işləmir.
“Biz izah edə bilmirik ki, bu lift dəyişilməlidir! Onun nasazlığı ciddi təhlükə yaradır. Nə gözləyirlər, mütləq bir faciə baş versin, sonra tədbir görsünlər?!” – deyə, sakinlər narazılıqlarını bildirir.
Liftin işləməməsi səbəbindən binada yaşayan insanlar gündəlik həyatlarında böyük çətinliklərlə üzləşir. Xüsusilə yaşlılar, xəstələr və azyaşlı uşaqlar üçün vəziyyət dözülməz hal alıb. Sakinlər bildirir ki, nə qonaq dəvət edə bilirlər, nə də evlərinə rahat girib-çıxa bilirlər.