"Türkiyə mediasında Azərbaycanla bağlı yayılan dezinformasiyalar konkret bir mərkəzdən yönləndirilir" - Politoloq
Son zamanlar Türkiyə sosial mediasında Azərbaycanın guya İsrail tərəfini dəstəklədiyinə dair dezinformasiyalar yayılır. Məsələn, BMT-də Prezident İlham Əliyevin çıxışını alqışlayan Azərbaycan nümayəndələrinin görüntüləri manipulyasiya edilərək guya İsrail baş naziri Benyamin Netanyahunun çıxışını dinləməsi kimi təqdim edilib. Media İnkişaf Agentliyi bu cür dezinformasiyaların təəssüf doğurduğunu da ifadə edib.
Türkiyə mediası Azərbaycanın İsrail tərəfindəymiş kimi göstərməsi ilə hansı məqsədlərə nail olmaq istəyir?
Bu məsələ ilə bağlı politoloq Turan Rzayev Patrulaz.az-a açıqlamasında bildirib ki, bütün bunlar sanki konkret bir mərkəzdən yönləndirilir və sui-istifadə edilir kimi görünür, amma əslində belə bir proses yoxdur:
“Prinsipcə, bu yeni hadisə deyil, hətta deyərdim ki, Türkiyə ictimaiyyətinin və media mühitinin məsələlərə belə qərəzli yanaşdığının şahidi oluruq. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bir müddət əvvəl SOCAR-ın İstanbuldakı ofisinin önündə Çöldə Fələstinə dəstək aksiyası keçirildi və orada SOCAR-ın fələstinliləri qətlə yetirən neft-qaz satışlarını İsrailə etdiyinə görə həm Azərbaycana, həm də SOCAR-a boykot çağırışları səsləndirildi.
İkinci bir insident kimi qeyd etmək olar ki, 2025-ci ildə Azərbaycan Eurovision müsabiqəsində İsrail təmsilçisinə 12 xal verməsi tənqid atəşi ilə üzləşdi. Daha sonra yayılan saxta informasiyalardan biri iddia edirdi ki, yaxın vaxtlarda Azərbaycanın İsraili Eurovision-dan xaric etməsinə etiraz etməyəcək, bu da həqiqətə uyğun olmayan dezinformasiyadır. İndi isə BMT-də Benyamin Netanyahunun iştirak etdiyi vaxt Azərbaycan tənqid olunur. Bilirsiniz ki, bütün bunlar görünən odur ki, konkret bir qüvvə mərkəzi tərəfindən izlənilir və bu proseslərdən istifadə etməyə çalışılır. Halbuki ortada belə bir proses yoxdur.
Azərbaycan, hər şeydən əvvəl, Fələstinin müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Hətta, Türkiyə 1988-ci ildə tanısa da, Azərbaycan SSR dövründə Fələstin hərəkatını dəstəkləmişdir. Müstəqillik əldə edildikdən sonra Azərbaycan tərəfindən ilk tanınan ölkələrdən biri də Fələstindir. Eyni zamanda, Azərbaycanı ilk tanıyan ölkələrdən biri İsraildir. Azərbaycanı bu məsələdə günahlandıran qüvvələr əsasən Türkiyədəki kütləvi, populist duyğularla hərəkət edən, informasiya baxımından daha az maarifləndirilmiş seqmentlərdir. Çünki Türkiyədə kifayət qədər məlumatlı insanlar da var və onlar başa düşürlər ki, Azərbaycan Fələstinə lazım gəldikdə Türkiyədən daha çox yardım edir.
Azərbaycanda Fələstinin səfirliyi və nümayəndəliyi fəaliyyət göstərir; bu, rəsmi Bakı tərəfindən verilən böyük dəstəkdir. Bununla kifayətlənməyən Azərbaycan hər il Fələstinə humanitar və iqtisadi yardımlar ayırır; həmçinin İsrail ilə Fələstin arasındakı danışıqlar prosesi zamanı vasitəçilik təklif edir. Yəni bir ölkə daha açıq şəkildə niyyətini necə ifadə edə bilər?”.

T.Rzayevin fikrincə, Türkiyənin bəzi medialarında Azərbaycanla bağlı dezinformasiyaların yayılmasının əsəs məqsədi Ankara-Bakı münasibətlərinə mənfi təsir göstərməkdir:
“Təbii ki, Azərbaycan hər zaman balanslı siyasət aparıb və faktiki olaraq İsrail ilə Fələstin arasında açıq şəkildə seçim etmir. Ümumiyyətlə, ağıllı müsəlman ölkələri də İsrail–Fələstin məsələsində birbaşa tərəf seçmirlər; əks halda gərginlik artar və Fələstin zərər görər. Türkiyənin bəzi dəstək modelləri və tətbiqləri isə məncə ciddi səhvlərə yol açır.
Azərbaycana qarşı linç kampaniyası aparan qüvvələr faktiki olaraq həm Türkiyədə AKP daxilindəki müəyyən dairələrdir, həm də müxalifətdəki bəzi qruplardır. Təəssüf ki, Türkiyə cəmiyyətində ciddi qütbləşmə mövcuddur. Bu qütbləşmənin ən böyük fəsadlarını məhz bu kimi məsələlərdə görürük və həmin qüvvələr istəyirlər ki, bu gün Azərbaycan–Türkiyə münasibətləri pozulsun. Təəssüf ki, Türkiyə hakimiyyəti bu məsələ ilə bağlı zəruri tədbirləri kifayət qədər görmür. Təbii ki, media azaddır bununla bağlı sözümüz yoxdur. Amma strateji maraqlara zərbə vuracaq təxribatlara qarşı tədbirlər mütləq görülməlidir və Azərbaycan da həmişə özünü Türkiyəyə izah etmək məcburiyyətində deyil.
Biz müttəfiqiksə, Şuşa Bəyannaməsi varsa, “Türk” demək müəyyən mənada başa düşülməlidir. Türkiyə zəif dövlət deyil; bu ölkənin ciddi kəşfiyyat xidməti və möhkəm müttəfiqlik münasibətləri var. Bizim atdığımız addımlar da Türkiyənin atdığı addımlarla uyğundur və qarşılıqlıdır. Amma Türkiyə mediasında yayılan belə yanlış məzmunlar doğru deyil və bunların qarşısı Türkiyə hakimiyyəti tərəfindən alınmalıdır. Əks halda vəziyyət davam edərsə, bu münasibətlərə təsir edəcək qədər ciddi bir hadisəyə çevrilə bilər”.
Cəmilə Cəfərzadə






