Türkiyədə noyabr ayında 13 uşaq iş qəzalarında həyatını itirib
İş Sağlığı və İş Təhlükəsizliyi Məclisi (İSİG) Türkiyədə uşaq əməyinin mövcud vəziyyəti ilə bağlı narahatedici statistika açıqlayıb. Qurumun məlumatına əsasən, noyabr ayı ərzində 13 uşaq işçi işlədikləri müəssisələrdə baş verən hadisələr nəticəsində həyatını itirib.
Patrul.az Türkiyə mətbuatına istinadən xəbır verir ki, hesabata görə, uşaq işçilərin böyük qismi qeyri-rəsmi şəkildə, əmək mühafizəsi qaydalarına uyğunlaşdırılmamış və təhlükəsizlik standartlarından kənar iş mühitlərində çalışdırılır. Bu isə ölümcül nəticələrə səbəb olan istehsalat qəzalarının riskini xeyli artırır. İSİG-in açıqlamasında ölən uşaqların əksəriyyətinin ağır əmək şəraitində, nəzarətsiz və təhlükəli sahələrdə işlədiyi qeyd olunur.
Qurum məsələ ilə bağlı təcili tədbirlərin görülməsinin vacibliyini bildirir. İSİG dövlət qurumlarını uşaq əməyinin qarşısının alınması, əmək təhlükəsizliyi mexanizmlərinin gücləndirilməsi və işəgötürənlərin məsuliyyətinin artırılması istiqamətində daha sərt nəzarət mexanizmləri tətbiq etməyə çağırır.
Hesabat bir daha göstərir ki, Türkiyədə uşaq əməyindən sui-istifadə ciddi sosial problem olaraq qalmaqdadır və bu istiqamətdə sistemli mübarizə aparılmasına ehtiyac var.







