media-2c14d90816c2338ad74b212e22664af9-1

Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir vaxtda ABŞ və Avropa ölkələri təhlükəsizlik zəmanətləri məsələsini müzakirəyə çıxarıblar. Bu zəmanətlərə görə, Avropa ölkələri Ukrayna ordusunu öz ərazilərində gücləndirəcək və müharibə bitdikdən sonra da Ukraynanı Rusiyanın mümkün gələcək işğallarından qorumağı nəzərdə tuturlar.

Rusiya Prezidenti Vladimir Putin isə açıqlamasında bildirib ki, torpaqları diplomatik yollarla həll etmək mümkün olmazsa, hərbi vasitələrlə alacaq.

Maraqlıdır ki, ABŞ və Avropa ölkələrinin müzakirə obyektinə çevirdiyi təhlükəsizlik zəmanətlərinin əsas məqsədi nədir? Bu, Rusiya ilə Avropa arasında yeni müharibə cəbhəsinin yaranmasına səbəb ola bilərmi?

Bu barədə politoloq Tural İsmayılov Patrul.az-a bildirib ki, Ukraynanın Avropa tərəfindən gücləndirilməsi Rusiyanın qırmızı xəttidir:

“Ukrayna ordusunun Avropa tərəfindən təhlükəsizlik zəmanətləri əsasında gücləndirilməsi regionda güc balansını dəyişdirən ciddi faktordur və bu prosesin Rusiya tərəfindən necə oxunacağı məsələnin ən kritik tərəfidir. Avropa ölkələrinin Ukraynaya verdiyi hərbi-siyasi dəstək, xüsusilə uzunmənzilli silahlar, hava hücumundan müdafiə sistemləri və təlim missiyaları Moskvanın strateji baxışında NATO-nun faktiki olaraq daha da şərqə doğru irəliləməsi kimi qiymətləndirilir. Bu isə Rusiyanın öz təhlükəsizlik doktrinasında “qırmızı xətt” kimi təqdim etdiyi məqamlardan biridir”.

media-inshot_20251218_133928517

Politoloqun fikrincə, təhlükəsizlik zəmanətlərindəki şərtlər Avropa ilə Rusiya arasında yeni müharibənin yaranmasına imkan verməyəcək. Çünki həm Rusiyanın vəziyyəti Avropa ilə yeni cəbhə açmağa imkan vermir, həm də Avropa ölkələri onunla müharibəyə başlasa, bu, bütöv qitəni təhlükəyə atar:

“Bununla belə, Ukraynanın gücləndirilməsi avtomatik olaraq Rusiya ilə Avropa arasında yeni müharibə cəbhəsinin yaranması demək deyil. Avropanın məqsədi eskalasiyanı artırmaq yox, əksinə, Rusiyanın gələcək hücumlarının qarşısını almaq üçün çəkindirici mexanizm yaratmaqdır. Yəni bu dəstək daha çox preventiv xarakter daşıyır. Rusiya isə genişmiqyaslı birbaşa qarşıdurmaya hazır deyil; iqtisadi zəifləmə, hərbi itkilər və beynəlxalq təcrid Moskvanın manevr imkanlarını məhdudlaşdırır. Buna görə Kreml açıq müharibədən çox hibrid təzyiq alətlərinə – kiberhücumlara, enerji şantajına, sərhəd gərginliklərinə üstünlük verə bilər.

Risk tamamilə aradan qalxmır, çünki Avropa qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsi və ya çoxmillətli müdafiə qüvvələrinin yaradılması Moskvanın reaksiyasını sərtləşdirə bilər. Lakin bu, daha çox siyasi və informasiya müstəvisində gərginlik yaradar, nəinki real hərbi toqquşma. Avropa ölkələri də anlayır ki, Rusiya ilə birbaşa müharibə qitənin təhlükəsizlik arxitekturasını dağıda bilər və buna görə addımlarını ölçülü atır.

Nəticə etibarilə, Ukraynanın gücləndirilməsi yeni cəbhə açmaqdan çox, mövcud münaqişənin Avropaya yayılmasının qarşısını almağa yönəlmiş strateji çəkindirmə siyasətidir. Bu, riskləri azaltsa da, regionda gərginliyin davamlı olaraq yüksək səviyyədə qalacağı reallığını dəyişmir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər