media-inshot_20251230_212326966

Rusiya ilə Ukrayna arasında 2022-ci il fevralın 24-də başlayan müharibə 2025-ci ilin son aylarında daha da gərginləşib. Son məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətində yerləşən iqamətgahına hücum edib. Buna cavab olaraq Rusiya Odessa bölgəsində Ukraynaya məxsus liman infrastrukturuna güclü zərbələr endirib.

Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın hər iki tərəflə təmaslarda olduğu müşahidə olunur. Tərəflərin sülh istədiyi bildirilsə də, onları danışıqlar masasına oturtmaq getdikcə çətinləşir. Ukrayna Prezidenti Volodimir Zelenski son açıqlamasında ukraynalıların sülh istədiyini, lakin Donbas məsələsinə görə bu addımdan çəkindiklərini bildirib. Kreml sözçüsü Dmitri Peskov isə Vladimir Putinin Ukrayna ilə atəşkəs deyil, məhz uzunmüddətli sülh əldə etmək istədiyini vurğulayıb.

Bəs hər iki lider sülh çağırışları etsə də, niyə bu istiqamətdə real addımlar atılmır? Ukraynanı sülhdən çəkindirən əsas səbəblər hansılardır?

Bu barədə politoloq Turan Rzayev Patrul.az-a açıqlamasında bildirib ki, Ukraynanı sülhdən çəkindirən əsas məsələ təkcə ərazi itkisi deyil, Rusiyanın Ukraynanın neytral dövlət kimi qalmasını tələb etməsidir:

“Rusiya ilə Ukrayna arasında sülhün əldə olunmamasının əsas səbəbi tərəflərin ambisiyalarından geri çəkilməməsidir. Rusiya işğal etdiyi ərazilərin özündə qalmasını və bunun beynəlxalq hüquq çərçivəsində tanınmasını tələb edir. Bu isə beynəlxalq hüquqa ziddir və faktiki olaraq Ukrayna ərazilərinin işğalı deməkdir. Ona görə də Ukrayna üçün bunu qəbul etmək çətindir”.

Politoloq vaxtilə Ermənistan-Azərbaycan arasında Birinci Qarabağ müharibəsinin sonunda əldə olunan atəşkəs razılaşmasını, eləcə də Finlandiya ilə SSRİ arasında bağlanan sülh sazişini misal çəkərək bildirib ki, Ukraynanın Rusiya ilə sülhə getməsi üçün oxşar razılaşma modeli gündəmə gələ bilər:

“Ukrayna tərəfi atəşkəs sazişinə yaxınlaşmaq istəmir. Burada əsas məsələ işğal olunmuş ərazilərdir. Ya tərəflər Birinci Qarabağ müharibəsinin sonunda əldə edilən atəşkəs razılaşmasına bənzər model üzərində razılığa gəlməlidir, yəni tərəflərdən biri de-fakto işğalı qəbul etməlidir. Və ya vaxtilə Finlandiya ilə SSRİ arasında imzalanmış sazişə oxşar razılaşma əldə olunmalıdır. Bu halda Ukrayna işğalı tanımalı, mövcud ərazilərlə kifayətlənməli və Avropaya inteqrasiya siyasətini davam etdirməlidir”.

media-inshot_20251230_212548010

T. Rzayev müharibədə kənar ölkələrin də ciddi təsirinin olduğunu vurğulayıb:

“Digər mühüm məqam ondan ibarətdir ki, Ukrayna yalnız ərazi itkisi hesabına razılaşsa belə, Rusiyanın ambisiyaları bununla bitmir. Rusiya təkcə ərazilərin ilhaqını deyil, eyni zamanda Ukraynanın neytral statusda qalmasını, NATO və Avropa İttifaqına üzvlük perspektivinin bloklanmasını tələb edir. Bütün bunlar Ukraynanın sülhə razılaşmasının əsas maneələridir. ABŞ tərəfləri danışıqlar masasına gətirməyə çalışsa da, Avropa İttifaqı Vaşinqtonun bütün təklifləri ilə razılaşmır”.

Şərhçinin fikrincə, sülh yalnız Ukraynanın müəyyən ərazi güzəştləri hesabına mümkün ola bilər və Putin hakimiyyətdə olduğu müddətdə itirilmiş torpaqların geri qaytarılması çətin görünür:

“Görünən odur ki, Donbas da daxil olmaqla bəzi ərazilər güzəştə gediləcək. Ola bilsin ki, bu torpaqlar gələcəkdə geri qaytarılsın. Lakin Putin hakimiyyətdə olduğu müddətdə bu, Ukrayna üçün olduqca çətin görünür”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər