media-e23d0286-c70a-471a-8679-3a0ac98fa3ef

Son günlər Yaxın Şərqdə baş verən hərbi qarşıdurmalar nəticəsində həm İran İslam Respublikasında, həm də İsraildə dinc sakinlər, o cümlədən uşaqlar həyatını itirir. Uzunmənzilli raket hücumlarının doğurduğu faciələr media vasitəsilə geniş şəkildə ictimailəşdirilir.

Patrul.az media şirkətinin rəhbəri Səməndər Niftəliyev olaraq hesab edirəm ki, burada ən ağrılı məqam təkcə müharibənin özü deyil, cəmiyyətin bir hissəsinin faciəyə ikili yanaşmasıdır.

İran tərəfində həlak olan uşaqların şəkilləri yayımlandıqda insanlar “Allah rəhmət eləsin” deyir, hücum edən tərəfi lənətləyir. Lakin İsrail tərəfində dünyasını dəyişən uşaqların görüntüləri paylaşılarkən sosial şəbəkələrdə “Şükür Allaha”, “Ölsünlər”, “Davamı gələr, inşallah” kimi insan ruhunu sarsıdan rəylərlə qarşılaşırıq.

Bu yanaşma nə dini dəyərlərlə, nə də insani prinsiplərlə uzlaşır.

Media qurumlarının vəzifəsi hər iki tərəfdə baş verən hadisələri olduğu kimi cəmiyyətə çatdırmaqdır. Media hansısa tərəfi tutmur, faktı təqdim edir. Ancaq uşaq ölümü qarşısında tərəf anlayışı olmamalıdır. İstər İran, istərsə də İsrail – dəyişməyən həqiqət budur: onlar uşaqdır.

İrqi, dini və milli kimliyindən asılı olmayaraq, bir uşağın gələcəkdə hansı düşüncəyə sahib olacağını heç kim bilə bilməz. Uşaqlar ideologiya daşımır, siyasət yürütmür, müharibə qərarı vermir. Onlar günahsızdır.

Qurani-Kərimdə buyurulduğu kimi, “bir günahsız insanı öldürmək bütün bəşəriyyəti öldürmək kimidir.” Bu prinsip yalnız bir millət və ya bir din üçün deyil, bütün insanlıq üçün keçərlidir.

Bir uşağın ölümünə sevinmək, ona lənət oxumaq nə din anlayışına sığır, nə də vicdanla izah oluna bilər. Əgər biz insanlıqdan danışırıqsa, bu prinsip ayrı-seçkilik üzərində qurula bilməz.

Faciə qarşısında tərəf yox, vicdan olmalıdır. Uşağın milliyyəti olmur. Uşaq sadəcə uşaqdır.

media-28371932-dd70-4403-90b7-c015463cf78d media-288db5f7-b275-4ee3-9976-ff54720582e9 media-7b8c906f-b73f-45e3-8797-0abbd08bb0d6


Bənzər xəbərlər