media-inshot_20251030_191758997

Bu gün bir çox valideynlər övladlarını erkən yaşlardan bağçalara verir. Bunun əsas səbəbi həm uşaqların sosiallaşması, həm də valideynlərin işə çıxmaq məcburiyyətidir. Bağçada uşaq həm yaşıdları ilə ünsiyyət qurur, həm də müəyyən bacarıqlar qazanır. Digər tərəfdən, bəzi valideynlər hesab edir ki, uşaq üçün ən düzgün tərbiyə mühiti evdir və bağça onun emosional inkişafına mənfi təsir göstərə bilər.

Valideynlər uşaqlarını bağçaya verməklə doğru qərar verirlərmi, yoxsa bu, uşağın ailədən uzaqlaşmasına səbəb olur?

Bu barədə psixoloq Orxan Şəfizadə Patrulaz.az-açıqlamasında bildirib ki, uşaq bağçası onun inkişafı üçün önəmlidir, lakin doğru zaman və uyğun mühit seçimi vacibdir:

“Uşaq bağçası valideynlər üçün bəzən sadəcə “uşağı harasa qoymaq yeri” kimi görünə bilər, amma əslində bu dövr uşağın sosial, emosional və zehni inkişafında çox mühüm mərhələdir. Uşaqlar bağçada ilk dəfə ailədən kənar bir mühitdə qayda, paylaşmaq, gözləmək, özünü ifadə etmək kimi bacarıqları öyrənirlər.

Əgər uşaq inkişaf baxımından hazırdırsa və bağça mühiti də təhlükəsiz, emosional baxımdan isti bir yerdirsə, bağçaya getmək onun üçün tamamilə faydalıdır. Uşaq həm yaşıdları ilə ünsiyyət qurur, həm də tədricən müstəqil olmağı öyrənir.

Lakin burada vacib olan tək şey “uşağı bağçaya yazdırmaq” deyil, doğru zaman və doğru bağça seçimidir. Əgər uşaq hələ ayrılıq qorxusu yaşayırsa, emosional bağlanması tam formalaşmayıbsa, onu məcburi şəkildə bağçaya göndərmək travmatik təcrübə yarada bilər”.

media-inshot_20251030_190936516

Psixoloqun sözlərinə görə, uşaq bağça mühitinə psixoloji cəhətdən tam hazır vəziyyətə gətirildikdən sonra bağçaya göndərilməlidir:

“Valideyn uşağını bağçaya aparmazdan əvvəl onun duyğusal hazırlığını müşahidə etməlidir:

Uşaq ana və atadan ayrıldıqda güvən hissini qoruyursa;

Özünü ifadə etməkdə çətinlik çəkmirsə;

Yeni mühitlərdə qorxu və panikaya düşmürsə – deməli, artıq bağça mərhələsinə hazırdır.

Unutmayaq ki, bağça uşağın həyat məktəbinin ilk pilləsidir. Uşaq orada sadəcə rəqəmləri və rəngləri deyil, insan münasibətlərini, paylaşmağı və empatiya hissini öyrənir. Ən əsası isə, bu dövrdə uşağın yanında olan sevən, anlayan və müşahidə edən bir valideyn onun gələcək şəxsiyyətinin əsasını formalaşdırır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər