media-inshot_20260107_155156320

Son illərdə məktəblərdə psixoloji dəstək xidmətlərinin kifayət qədər inkişaf etməməsi şagirdlərin həm emosional, həm də təhsil həyatına ciddi təsir göstərir. Psixoloji problemləri vaxtında aşkarlanmayan uşaqlar arasında stres, təhsil motivasiyasının azalması və sosial çətinliklərin artması müşahidə olunur.

Bəs, məktəblərdə psixoloji xidmətlərin səviyyəsini yüksəltmək üçün hansı addımlar atılmalıdır?

Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Patrul.az-a açıqlamasında bildirib ki, psixoloji dəstəyin zəif olduğu məktəbdə şagirdin həm emosional sağlamlığı, həm də öyrənmə keyfiyyəti ciddi şəkildə pisləşir:

“Məktəblərdə psixoloji xidmətlərin zəif olması birbaşa şagirdin həm psixi sağlamlığına, həm də təhsil keyfiyyətinə təsir edən əsas problemlərdəndir. Biz çox zaman təhsilin keyfiyyətini yalnız proqram, dərs yükü və ya müəllim amili ilə ölçürük. Amma unuduruq ki, dərsi qəbul edən, öyrənən və nəticə göstərən bir psixoloji durumdur. Psixoloji olaraq gərgin, narahat, qorxu və ya stress içində olan uşaqdan stabil akademik nəticə gözləmək real deyil. Məktəbdə psixoloji dəstək zəif olduqda şagirdin emosional problemləri vaxtında aşkarlanmır. Bu isə aqressiya, dərsdən yayınma, motivasiya itkisi, özgüvən çatışmazlığı, bəzən də bullinq və sosial təcrid kimi halların dərinləşməsinə səbəb olur. Belə mühitdə uşaq məktəbi təhlükəsiz və dəstək verən məkan kimi deyil, əlavə təzyiq mənbəyi kimi görür. Nəticədə təhsil prosesinə münasibət dəyişir, öyrənmə keyfiyyəti aşağı düşür və məktəb–şagird münasibəti zədələnir”.

media-inshot_20260107_155002414

Ə. Həsənli məktəb psixoloqlarının yükünün çoxluğu, rolu və peşəkar inkişaf imkanlarının məhdudluğu onların effektiv fəaliyyətini ciddi şəkildə zəiflətdiyini vurğuladı:

“Məktəb psixoloqlarının fəaliyyətinə gəldikdə isə, burada problem təkcə fərdi bacarıq məsələsi deyil, sistem problemidir. Bir psixoloqun yüzlərlə, bəzən minlərlə şagirdə cavabdeh olması real və effektiv iş imkanını məhdudlaşdırır. Üstəlik, bir çox hallarda məktəb psixoloqunun rolu düzgün anlaşılmır, onu daha çox sənəd işi görən və ya formal tədbirlərdə iştirak edən şəxs kimi qəbul edirlər. Bu yanaşma psixoloji xidmətin mahiyyətini kölgədə qoyur.Digər tərəfdən, məktəb psixoloqlarının peşəkar inkişaf imkanları da kifayət qədər deyil. Müasir psixoloji yanaşmalar, uşaqlarla fərdi və qrup işi metodları, travma və davranış problemləri ilə işləmə bacarıqları daim yenilənməlidir. Bu olmadan psixoloq yalnız mövcudluq yaradır, real təsir isə zəif qalır”.

Ekspertin sözlərinə görə, məktəblərdə psixoloji xidmət strateji yanaşma ilə gücləndirilməli, psixoloqlar təhsil prosesinə daimi cəlb olunmalı və psixi sağlamlıq tabu olmamalıdır:

“Vəziyyəti yaxşılaşdırmaq üçün ilk növbədə psixoloji xidmətə formal deyil, strateji yanaşma lazımdır. Məktəbdə psixoloq yalnız problem olanda xatırlanan şəxs yox, təhsil prosesinin daimi iştirakçısı olmalıdır. Psixoloqların şagird sayı ilə uyğun iş yükü müəyyənləşdirilməli, onların müstəqil və peşəkar fəaliyyətinə şərait yaradılmalıdır. Eyni zamanda valideynlər və müəllimlər psixoloji xidmətin əhəmiyyəti barədə maarifləndirilməli, psixoloqla əməkdaşlıq edən tərəfdaş kimi yanaşmalıdırlar. Ən vacibi isə psixi sağlamlıq mövzusu məktəblərdə tabu olmamalıdır. Uşaq öz emosional çətinliyini rahat ifadə edə bilməli, psixoloqa müraciət zəiflik deyil, normal dəstək mexanizmi kimi qəbul olunmalıdır. Sağlam psixoloji mühit olmadan nə keyfiyyətli təhsildən, nə də sağlam cəmiyyətdən danışmaq mümkündür”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər