"Çoxuşaqlılıq müavinətinin verilməsi 3 və ya 4 uşaqlı ailələrə də şamil edilməlidir" - Sosioloq
Son günlər Azərbaycanda çoxuşaqlı ailələrə çoxuşaqlılıq müavinətinin verilməsi ictimai müzakirələrin mərkəzinə çevrilib. Qiymət artımı fonunda valideynlər maddi yükün azaldılması üçün çoxuşaqlılıq müavinətında uşaq sayının azaldılmasını istəyirlər.
Maraqlıdır ki, dövlət bu istiqamətdə hansı addımlar atsa, valideynlərin narazılığı nisbətən azalar?
Bu barədə sosioloq Lalə Mehralı Patrulaz.az -a açıqlamasında bildirib ki, ailələri çoxuşaqlılığa təşviq etmək və demoqrafik artımı qorumaq üçün uşaq pulu məsələsinin gündəmə gətirilməsi vacibdir:
“Uşaq pulunun verilməsi ilə bağlı ciddi müzakirələri biz illərdir aparırıq və hər zaman bununla bağlı öz təkliflərimizi ictimaiyyət nümayəndələrinə, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə və ictimai fəal insanlara vermişik. Yəni, əslində ailələrin çoxuşaqlılığa təşviqi üçün uşaq pulu məsələsinin gündəmə gətirilməsi, müzakirə edilməsi və müəyyənləşdirilməsi çox aktual məsələdir. Çünki insanlar maddi səbəblər ucbatından bir uşaqla kifayətlənir və bu da demoqrafik artımın zəifləməsinə, nəticədə əhali sayının aşağı düşməsinə səbəb olur. Hansı ki, biz artıq bir neçə ildir bunun nəticəsi ilə üz-üzəyik. Ona görə də insanların çoxuşaqlılığa – ən azı 3 uşağa meyilləndirilməsi və maddi problemlərinin həlli məsələsində dövlət dəstəyini hiss etdirmək üçün uşaq pulu məsələsini gündəmə gətirmək lazımdır”.

L. Mehralı ictimai müzakirələr və dövlət dəstəyi demoqrafik artıma və sosial-iqtisadi rifaha müsbət təsir göstərəcəyini vurğulayıb:
“Bununla bağlı Milli Məclisdə müzakirələrin aparılması, qeyri-hökumət təşkilatlarının bu məsələ ilə bağlı toplantılar keçirməsi, ümumiyyətlə, ictimai fəal insanların uşaq pulu ilə bağlı öz fikirlərini bölüşməsi yəqin ki, bu məsələnin gündəmə gəlməsinə və geniş müzakirə edilməsinə səbəb ola bilər. Dövlət öz vətəndaşının böyüməsi ərəfəsində ona kiçik də olsa, simvolik də olsa dəstəyini hiss etdirərsə, bu, demoqrafik artıma da fayda verər, sosial-iqtisadi rifahın yüksəlməsinə də öz töhfəsini verər, deyə düşünürəm”.
Sosioloq hesab edir ki, çoxuşaqlılıq müavinəti 6 yox, 3-4 uşaqlı ailələrə də şamil edilməli və meyarlar yenidən nəzərdən keçirilməlidir:
“Eyni zamanda çoxuşaqlılıq müavinətinin 3 və ya 4 uşaqlı ailələrə şamil edilməsi məsələsi də gündəmə gətirilməlidir. Çünki hazırda bizim ölkədə 6 uşağı olan ailə çoxuşaqlı ailə hesab olunur. Ölkə üzrə cəmi 6-7 min ailə bu müavinətdən yararlanır. Ona görə də düşünürəm ki, uşaq pulu məsələsinin müzakirəsi zamanı çoxuşaqlılıq müavinətinin müəyyənləşdirilməsi meyarları da yenidən nəzərdən keçirilməli və uşaq sayının azaldılması məsələsi gündəmə gətirilməlidir. Yəni, 6 yox, 3 və ya 4 uşaqlı ailələrə də şamil edilməlidir”.
Cəmilə Cəfərzadə






