Uşaqlar niyə ünsiyyət qurmaqdan çəkinirlər? - PSİXOLOQ AÇIQLADI
Son zamanlarda məktəblərdə müəllimlərin və valideynlərin tez-tez rastlaşdığı hallardan biri də dərs zamanı uşaqların çox sakit qalması, az danışması və ya ünsiyyətdən qaçmasıdır. Bəs bu, utancaqlığın nəticəsidir, yoxsa sosiallaşma probleminin göstəricisidir?
Psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov mövzu ilə bağlı Patrulaz.az-a fikirlərini bölüşüb:
“Müəllim və valideynlərin uşaqlarda müşahidə etdiyi “sakit qalmaq”, “az danışmaq” və ya “ünsiyyətdən qaçmaq” halları tək bir səbəblə izah edilmir. Bu, həm xarakter xüsusiyyəti, həm də mühit və sosiallaşma prosesləri ilə bağlı məsələdir.
Nəzərə alaq ki, hər uşaq fərqlidir. Bəziləri təbiətən introvert olur, yəni enerjisini daha çox daxildən alır, diqqət mərkəzində olmaq istəmir, öz düşüncələrini paylaşmazdan öncə müşahidə etməyi üstün tutur. Belə uşaqların sakitliyi çox vaxt utancaqlıq və daxili çəkinmə ilə bağlı olur, bu isə müəyyən dərəcədə normal temperament xüsusiyyətidir. Burada problem sayılan, uşağın özünü ifadə etmə imkanlarının tamamilə məhdudlaşması və ya qorxu ilə müşayiət olunmasıdır. Digər tərəfdən, uşağın ünsiyyətdən qaçması bəzən sosiallaşma çətinliklərinin göstəricisidir. Bu, xüsusilə pandemiyadan sonrakı dövrdə, texnologiyaya bağlılığın artması və real ünsiyyət imkanlarının azalması fonunda daha çox müşahidə olunmağa başladı. Bəzi uşaqlar həmyaşıdları ilə əlaqə qurmaqda çətinlik çəkir, məktəb mühitinə uyğunlaşmaqda psixoloji stress yaşayır”.

Psixoloq bildirib ki, belə hallarda artıq sosial təşviş, özünə inamsızlıq, bəzən də emosional təcrid kimi vəziyyətlərdən danışmaq olar:
“Bu prosesdə valideyn və müəllimlərin rolu çox böyükdür. Ən mühüm məsələ, uşağı “sakit” və ya “passiv” adlandırıb damğalamaq deyil, onun emosional ehtiyaclarını başa düşməkdir. Müəllim və valideynlər uşağı məcburi şəkildə danışdırmağa çalışmaq əvəzinə, təhlükəsiz və anlayışlı mühit yaratmalıdırlar. Uşağın dediklərinə maraqla qulaq asmaq, onu başqaları ilə müqayisə etməmək, öz fikrini ifadə etdiyinə görə müsbət rəy vermək bu, sosiallaşmanı tədricən bərpa edir”.
“Burada psixoloji qiymətləndirmə və dəstək vacibdir. Əgər uşaq uzun müddət (bir neçə ay) boyunca həm məktəbdə, həm evdə ünsiyyətdən qaçır, tənha qalmağa üstünlük verir və ya narahatlıq əlamətləri göstərirsə, bu zaman psixoloqun müşahidəsi vacibdir.
Sadə testlər və davranış analizləri ilə utancaqlıq və sosial təşviş arasındakı fərq müəyyən edilə bilər. Əgər sosiallaşma problemi dərinləşibsə, emosional dəstək proqramları, qrup məşğələləri və emosional intellekt təlimləri çox faydalı ola bilər. Uşağın dərs zamanı az danışması bəzən sadəcə temperamentlə bağlı ola bilər, bəzən isə sosiallaşma prosesində yaşanan çətinliyin siqnalıdır. Valideyn və müəllim üçün əsas məsələ fərqi vaxtında görmək, uşaqla empatik şəkildə davranmaq və zərurət olduqda psixoloqa yönləndirməkdir”,- deyə psixoloq əlavə edib.
Ləman Əlizadə






