media-inshot_20260312_134736094

Artıq insanlar bir-biri ilə məsləhətləşmək əvəzinə ChatGPT-yə üz tutur, ondan müxtəlif məlumatlar istəyirlər. Süni intellektin insan həyatına inteqrasiyası bəzi prosesləri sürətləndirsə də, saxta video, foto və məlumatların yayılması, insan həyatını təhdid etməsi kimi mənfi tərəfləri də var. Xüsusən də son dövrlərdə sosial şəbəkələrdə chatbotlarla yazışan və onun təsiri ilə özünəqəsd edən azyaşlıların ölümü ilə bağlı xəbərlərlə rastlaşırıq. Görünür, insanlar alqoritmlərə o qədər güvənirlər ki, onların verdiyi yanlış tövsiyələrə belə əməl etməyə çalışırlar. Bəs bu kimi hallardan əllərindən telefon düşməyən uşaqları necə qoruyaq?

Bu barədə Patrul.az-a psixoloq Nizami Orucov fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu məsələdə əsas məsuliyyət valideynlərin üzərinə düşür və onlar daim övladlarına bu istiqamətdə məsləhətlər verməlidirlər:

“Süni intellekt əsaslı chatbotlar son illərdə insanların gündəlik həyatının bir hissəsinə çevrilib və bu texnologiyalar düzgün istifadə edildikdə məlumat əldə etmək, öyrənmək və müxtəlif suallara cavab tapmaq baxımından faydalı ola bilər. Lakin uşaqlar və yeniyetmələr üçün bu cür alətlərlə ünsiyyət bəzən risklər də yarada bilər. Çünki uşaq süni intellekti real insan kimi qəbul edə, ondan emosional dəstək gözləyə və aldığı məlumatları tənqidi şəkildə qiymətləndirmədən doğru hesab edə bilər.

Bu səbəbdən valideynlərin əsas vəzifəsi uşağın texnologiya ilə münasibətini nəzarətsiz buraxmamaqdır. İlk növbədə uşaqlarla açıq ünsiyyət qurmaq, internetdə və süni intellekt platformalarında əldə olunan məlumatların hər zaman mütləq doğru olmadığını izah etmək vacibdir. Uşaqlar anlamalıdır ki, bu cür sistemlər insan deyil və onların verdiyi cavablar mütləq həqiqət kimi qəbul edilməməlidir”.

media-inshot_20260312_133809022

Psixoloq bildirir ki, valideynlər uşaqlarının sosial mühitə inteqrasiyasına da çalışmalıdır:

“Digər tərəfdən valideynlər uşaqların onlayn fəaliyyətinə maraq göstərməli, onların hansı platformalardan istifadə etdiyini bilməli və texnologiyadan istifadə üçün müəyyən zaman və məzmun qaydaları müəyyən etməlidirlər. Uşaqlar emosional çətinlik yaşadıqları zaman problemlərini virtual platformalarla deyil, real insanlarla – valideyn, müəllim və ya psixoloqla paylaşmağa təşviq edilməlidirlər. Uşaqları bu kimi süni intellekt texnologiyalarının təhlükəli tərəflərindən qorumaq üçün məktəblərin də maarifləndirmə işləri aparması vacibdir”.

N.Orucov vurğulayıb ki, məktəblərin də bu məsələdə rolu böyükdür:

“Rəqəmsal savadlılıq və təhlükəsiz internet istifadəsi mövzularının uşaqlara erkən yaşlardan izah edilməsi onların riskləri daha yaxşı anlamasına kömək edə bilər.

Ümumilikdə əsas məsələ texnologiyanı qadağan etmək deyil, onu düzgün və şüurlu şəkildə istifadə etməyi öyrətməkdir. Uşaqlar güclü emosional dəstək mühitində böyüdükdə və suallarına cavabı real insanlardan ala bildikdə, virtual mühitdən gələn potensial risklərin təsiri də xeyli azalır”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər