media-inshot_20260218_211339683

Son illərdə sosial şəbəkələr həm uşaqların, həm də böyüklərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Onlayn ünsiyyət, məlumat almaq və əyləncə imkanları artsa da, ekran qarşısında həddindən artıq vaxt keçirməyin psixoloji və fiziki təsirləri ilə bağlı narahatlıqlar da çoxalır. Xüsusilə valideynlər övladlarının, eləcə də özlərinin sosial media istifadəsinə nəzarət etməyin vacibliyini daha çox düşünməyə başlayıblar.

Bəs uşaqlar və böyüklər üçün sosial şəbəkə limiti nə qədər olmalıdır? 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Patrul.az-a açıqlamasında bildirib ki, uşaqların psixoloji və mənəvi inkişafını qorumaq üçün Azərbaycanda 16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət tətbiq olunmasının vaxtı çatıb:

“Fikrimcə, sosial şəbəkələrdə uşaqlar və yeniyetmələr üçün yaş limitinin qoyulmasının artıq zamanı gəlib çatıb. Çünki çox təəssüflər olsun ki, sosial şəbəkələr uşaqların psixologiyasına çox ciddi təsir edir. Onların qarşısına çıxan videolar, qeyri-etik paylaşımlar, cinsi azlığın təbliği, əxlaqsızlığın təşviqi kimi məzmunlar uşaqların normal inkişafına ziyan vuran amillərdəndir. Belə bir tendensiya təkcə Azərbaycanda deyil, artıq dünyanın bir çox ölkəsində gündəmdədir və bəzi ölkələrdə uşaqlar üçün sosial şəbəkələrə məhdudiyyətlər, hətta qadağalar tətbiq olunub. Fikrimcə, Azərbaycanda da belə bir addım atıla bilər və 16 yaşına qədər uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulmalıdır. Çünki uşaqların ən həssas yaş dövrü məhz 16 yaşa qədərdir və sosial şəbəkələrdə gördükləri məlumatlar, paylaşımlar onların inkişafına və həyat tərzinə birbaşa təsir göstərə bilər. Cəmiyyətimizin sağlam formalaşması və dövlətimizin sağlam gələcəyi baxımından düşünürəm ki, bu addımın atılmasının vaxtı çatıb. Azərbaycanda da uşaqlar və yeniyetmələr üçün sosial şəbəkələrlə bağlı müəyyən məhdudiyyətlər tətbiq edilməlidir”.

media-inshot_20260218_211032569

Mütəxəssis qeyd edir ki, sosial şəbəkələrə məhdudiyyət tətbiq olunsa belə, uşaqların təhlükəsizliyi üçün əsas amil məsuliyyətli valideyn nəzarətidir:

“Burada daha bir vacib məqam valideyn nəzarətidir. Valideynlər övladlarına nəzarət etməli, onların telefonlarında oynadıqları oyunları, izlədikləri sosial şəbəkələri, kimlərlə ünsiyyət qurduqlarını və hansı mövzuların müzakirə olunduğunu diqqətdə saxlamalıdırlar. Çünki bu nəzarət olmadıqda, sonradan müxtəlif cinayət və digər neqativ halların şahidi oluruq. Bu baxımdan, uşaqlara sosial şəbəkə məhdudiyyəti tətbiq olunsa belə, valideyn nəzarəti mütləq şəkildə ön planda saxlanılmalıdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər