media-inshot_20251222_104001718

Son günlər Azərbaycanda uşaqlar arasında kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında artım müşahidə edilir.

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nizami rayonu, 214 nömrəli tam orta məktəbdə 2-ci sinif şagirdləri arasında virus sürətlə yayılıb. Yoluxan uşaqlarda yüksək hərarət, halsızlıq, boğaz ağrısı və ümumi zəiflik müşahidə olunur.

Patrul.az məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb. Nazirliyin verdiyi cavabda əhaliyə məlumat verildiyi və qripə qarşı tədbirlərin görüldüyü qeyd olunub.

Səhiyyə Nazirliyinin rəsmi paylaşımında bunlar qeyd olunub:

“Son günlər havaların soyuması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında mövsümi artım müşahidə olunur. Hava şəraitinin dəyişməsi, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və immun sisteminin zəifləməsi infeksiyaların geniş yayılmasına şərait yaradır.

Əhali arasında ən çox rast gəlinən kəskin respirator virus infeksiyaları yüksək hərarət, öskürək, boğaz ağrısı, ümumi halsızlıq və bəzən ağırlaşmalarla müşayiət olunur. Risk qrupuna daxil olan şəxslər – yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar və uşaqlar bu infeksiyalara daha həssasdır və ağır fəsadlarla üzləşə bilərlər”.

Profilaktik tədbirlərin vacibliyinə diqqət çəkən Nazirlik, qrip əleyhinə peyvəndlərin ölkəyə gətirildiyini qeyd edib:

“Səhiyyə Nazirliyi tərəfindən profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə ‘Sanofi Pasteur’ (Fransa) şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları ölkəyə gətirilib. Qripə qarşı peyvənd infeksiyaya yoluxma riskini azaldır, xəstəliyin ağır keçməsinin və ağırlaşmaların qarşısını alır”.

Nazirlik həmçinin vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etməyi, əlləri mütəmadi yumağı, qapalı və sıx məkanlarda tibbi maskalardan istifadə etməyi, xəstəlik əlamətləri müşahidə edildikdə evdə qalmağı və həkimə müraciət etməyi tövsiyə edib.

Qurum əhalini məsuliyyətli olmağa, xüsusilə risk qrupuna daxil olan şəxsləri mövsümi qripə qarşı peyvənd olunmağa çağırıb:

“Qeyd edək ki, qripə qarşı vaksinasiya tam ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır”.


Bənzər xəbərlər