media-img_7535

Patrul.az redaksiyasının əldə etdiyi məlumata görə, Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 214 nömrəli tam orta məktəbdə epidemioloji vəziyyət narahatlıq doğurur. Belə ki, məktəbin 2-ci siniflərindən birində təhsil alan 25 şagirddən 20-nin son günlərdə uşaqlar arasında sürətlə yayılan virus infeksiyasına yoluxduğu bildirilir.

Valideynlərin verdiyi məlumata əsasən, yoluxan uşaqlarda əsasən yüksək hərarət, halsızlıq, boğaz ağrısı və ümumi zəiflik müşahidə olunur. Bəzi şagirdlərin vəziyyətinin ağırlaşması səbəbilə tibbi yardıma müraciət edildiyi də qeyd olunur.

Qeyd edək ki, daha əvvəl bu mövzu ilə bağlı Patrul.az-da dərc olunan məqalədə də vurğulandığı kimi, son günlərdə virus infeksiyası əsasən ibtidai sinif yaş qrupuna aid olan, xüsusilə 9 yaşa qədər uşaqlar arasında daha sürətlə yayılır. Mütəxəssislərin fikrincə, məktəb mühiti və sıx kollektiv təmas yoluxma riskini artıran əsas amillər sırasındadır.

Valideynlər mövcud vəziyyətlə əlaqədar məktəbdə dezinfeksiya işlərinin gücləndirilməsini, şagirdlərin sağlamlıq vəziyyətinə nəzarətin artırılmasını və zərurət yaranacağı halda tədrisin müvəqqəti məhdudlaşdırılmasını vacib hesab edirlər.

Patrul.az məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışır. Rəsmi qurumlardan açıqlama daxil olduğu təqdirdə, əlavə məlumat ictimaiyyətə təqdim olunacaq.


Bənzər xəbərlər