"Uşaqları məcburi şəkildə hansısa dinə sövq etmək həm dinə, həm də qanuna ziddir" - Tural İrfan
Azərbaycanda uşaqların dini etimada məcbur edilməsi qadağan olunub. Bəs dində “məcburiyyət” anlayışı necə qəbul edilir?
Patrul.az mövzu ilə bağlı ilahiyyatçı Tural İrfanın fikirlərini öyrənib.
O dində məcburiyyət olmadığını və bu haqda müqəddəs kitablarda da qeyd edildiyini bildirib:
“Amma bəzən təhrif olunmuş dini inanclara və radikalizmə meylli adamlar uşaqları məcbur edərək müxalifət ayinlərə, tədbirlərə və yaxud qapalı geyimlərə məcbur edirlər. Bu, yolverilməzdir. İnsan inanca müstəqil qərar verməlidir. Bunun üçün də insanın ağlının kamillik çağına yetməsi, ən azı həddi buluğa çatması lazımdır”.

İlahiyyatçı uşaqların hansısa dinə, inanca məcbur edilməsinin düzgün olmadığını söyləyib:
“Din də buna qarşıdır. İnsan müstəqil şəkildə düşünüb könüllü qərar verməlidir. Bunun üçün də onun həddi buluğa çatması vacibdir. Buluğa çatmamış uşaqları məcburi şəkildə hansısa dinə etiqad bəsləməyə, əməl etməyə sövq etmək həm dinə həm də qanuna ziddir. Uşaqların hüquqlarının qorunması sarıdan bu mütərəqqi qanundur. Lakin təkmilləşməsinə ehtiyac var. Bunun üçün də gələcəkdə ictimai müzakirə olmalıdır. Uşaq hansı yaşda və nə zaman hüquqlarının pozulması ilə bağlı hara müraciət etməlidir, bu aydınlaşmalıdır. Dinə məcbur etmək və dini inancına uyğun tərbiyə etməyi hansı üsulla ayırd edəcəklər və yaxud bu inancın sərhədləri məlumdurmu… Bu kimi bir sıra suallara gərək cavab olsun.
“Valideynlərin özlərinin dini inancının sağlam olmasını hansı mexanizm tənzimləyəcək, bu da cavablanmalıdır. Ona görə bəzi hallarda azyaşlıların dini ayinlərə, tədbirlərə cəlb edilməsi məsələsində şəffaflıq olmalıdır. Birinin dini inancına görə uşaqlar da məscidə gedib Aşurada sinə vurmalıdır. Uşağı bu tərbiyədə yetişdirən valideyn bundan hansı üsulda imtina etməli olacaq. Yaxud digərinin inancına görə azyaşlı qız uşaqları da başına hicab örtməlidir. O da uşağını bu tərbiyədə böyüdəcək. Sonradan ziddiyyətlərin olmaması, hərətəfli və əhatəli tələblərə cavab verməsi üçün müvafiq qanunun təfsilatı verilməli, cəmiyyətə tam aydın izah olunmalıdır. Əgər insanlar tam anlasalar bu qanunun tətbiqi daha asan olar. Maarifləndirmənin aparılması da vacibdir”,– deyə həmsöhbətimiz əlavə edib.
Ləman Sərraf






